Uşaq pulu, məbləği və tənzimlənməsi barədə
Uşaq pulu və
ya 3 yaşınadək uşağa qulluğa görə müavinət Azərbaycan Respublikası
qanunvericiliyi ilə tam həcmdə tənzimlənmiş və sosial təminata aid edilən ödəniş
kimi çıxış edir.
Xatırladaq ki,
bu növ müavinət uşağın doğumuna görə ödənilən birdəfəlik müavinətdən çox fərqli
bir ödənişdir. Uşağın anadan olmasına görə müavinət bu faktın təsdiq edilməsini
özündə əks etdirən arayış təqdim edildikdən sonra birdəfəlik (yalnız bir dəfə)
ödənilir. Hazırda bu müavinətin məbləği 90 Azn təşkil edir. Ölkə başçısının
23.02.2018-ci il tarixli sərəncamı ilə bu məbləğ 1 mart 2018-dən etibarən 10%
artırılmışdır.
Uşağa 3
yaşınadək qulluğa görə 2016-cı il fevralın 1-dən bir yaş yarımadək uşağa
qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin
məbləği 40 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin
müavinətin məbləği 25 manat miqdarında müəyyən edilmişdir. Qeyd edək ki,
Prezidentimizin 23.02.2018-ci il tarixli sərəncamı ilə bu məbləğlər də 1 mart
2018-dən etibarən 10% artırılmışdır.
Bu müavinət kimə
ödənilir?
Qanunvericiliyə
əsasən məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin uşaq 3 yaşına
çatana qədər uşağa qulluğa görə müavinət almaq hüququ vardır. Daha ətraflı desək
DSMF-nə əmək müqaviləsinə əsasən 3% və ya sadələşdirilmiş vergi ödəyicisi
olaraq sosial öhdəliyinə əsasən ayda 26 AZN ödəyən və fərdi sahibkarlıqla məşğul
olan şəxslər, hərbi qulluqçular kimi şəxslər qismən ödənişli sosial məzuniyyətə
çıxdıqda bu müavinəti almaq hüququ əldə edirlər. Xatırladaq ki, uşağa bilavasitə
qulluq edən əmək müqaviləsinə əsasən çalışan valideynlərdən biri, yaxud ailənin
başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü
qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli
sosial məzuniyyət almaq hüququna malikdirlər. Bu hüququndan yazılı ərizəsinə əsasən
tam və ya hissə-hissə istifadə edə bilərlər.
Uşağın üç yaşı
tamam olanadək ona qulluq etməyə görə müavinət işləyən qadınlara hamiləliyə və
doğuşa görə məzuniyyət qurtardıqdan sonra haqqı qismən ödənilən məzuniyyət rəsmiləşdirildikdə
uşağın üç yaşı tamam olanadək ödənilir.Mühüm bir məsələni də diqqətinizə
çatdıraq ki, əgər uşaq məktəbəqədər uşaq müəssisəsində (körpələr evi, uşaq
bağçası) yerləşdirilmişdirsə, belə hallarda məzuniyyət təqdim edilmir və uşaq
üç yaşına çatanadək ona qulluq edilməsinə görə müavinət təyin edilmir. Qeyd etmək
lazımdır ki, bu məbləğin təyin olunması üçün Dövlət Sosial Müdafiə Fonduna
müraciət edilməlidir və bu müavinətlərin məbləğinə heç bir vergi və ya sosial
sığorta haqqı tətbiq edilmir.
#hüquqşünas, #hüquq, #hr, #əmək_hüququ, #qanunvericilik
#hüquqşünas, #hüquq, #hr, #əmək_hüququ, #qanunvericilik