Franşiza nədir?
XÜLASƏ
Qəza heç də hər kəsin gözlədiyi və ya əvvəlcədən
bildiyi bir hal deyildir. Buna görə də qəzadan qaçmaq mümkünsüzdür. Həmçinin qəza
kimsənin arzulamadığı bir hal olduğu üçün ondan qorunmağın yolları da
konkretlik tapmamışdır. Sığorta isə qəzaların qarşısını almaq deyil, qəzaların,
gözlənilməz halların yaratdığı maddi zərərlərin aradan qaldırılması yoludur.
Onu da nəzərə almaq lazımdır ki, sığorta heç də
bütün maddi zərəri deyil, yalnız franşiza çıxılmaqla təminat verilmiş həddə zərəri
aradan qaldırır. Bəs franşiza nədir?
AÇAR
SÖZLƏR
Franşiza, Franşiz, azadolma, sığorta, sığorta ödənişi, sığorta hüququ, hüquqşünas məsləhəti
ƏSAS
HİSSƏ
Franşiza və ya Azərbaycan qanunvericiliyinə və
sığorta praktikasına görə azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan
itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və
sığortalının üzərində qalan hissəsidir.
Verilən anlayışdan da aydın olduğu kimi sığorta
hadisəsi (sığorta növündən və sinfindən asılı olaraq müxtəlif hadisələr məs:
daşınmaz əmlakın icbari sığortası üzrə yanğın, subasma və s) nəticəsində şəxsin
əmlakına dəymiş zərərin həcmindən asılı olmayaraq həmin zərərlə bağlı sığorta
müqaviləsi ilə hansı həcmdə təminat verilmişdirsə, bu təminatdan çıxılan məbləğ,
yəni zərərçəkmişin öz hesabına aradan qaldırmalı olduğu məbləğ franşiza hesab
olunur. Bunu daha da sadə bir misalla izah etmək mümkündür:
A əmlakını Z sığorta şirkəti ASC-də könüllü sığorta
növü üzrə sığortaladığından onun əmlakına və evdəki əşyalarına dəyəcək zərər
üzrə 50000 AZN sığorta məbləği həcmində təminat verilmiş, 1000 AZN məbləğində
isə müqavilə ilə franşiza – azadolma məbləği müəyyən edilmişdir.
Yeni il gecəsi A adlı şəxsin evi elektrik naqillərində
baş vermiş qısaqapanma nəticəsində yanmış və aparılmış qiymətləndirmə nəticəsində
onun əmlakına, o cümlədən evdəki əşyalarına 36000 AZN məbləğində zərər dəyməsi
müəyyən edilmişdir. Bu halda Z sığorta şirkəti ASC tərəfindən A adlı şəxsə ödəniləcək
məbləğ 1000 AZN franşiza – azadolma məbləği çıxılmaqla 35000 AZN olacaqdır.
Franşiza – azadolma məbləği aydınlaşdırıldıqdan
sonra onun növləri barədə danışmaq mümkündür. Qanunvericiliyə əsasən iki növ –
şərtli və şərtsiz azadolma məbləği hazırda tətbiq olunur. Qeyd etmək lazımdır
ki, hər bir halda sığorta müqaviləsində mütləq qaydada azadolma məbləğinin tətbiq
edilib-edilməməsi barədə şərt göstərilməlidir. Azərbaycan Respublikası ərazisində
kasko və ya avtomobil nəqliyyatı vasitələrinin tam sığortası müqavilələri üzrə
mövcud qanunvericiliyə əsasən əgər şərtli və ya şərtsiz azadolma məbləği barədə
qeyd yoxdursa, həmin müqavilələr üzrə şərtsiz azadolma məbləğinin tətbiq edilməsi
əsas götürülür.
Bəs nədir bu şərtli yaxud şərtsiz azadolma məbləği?
Şərtli azadolma məbləğini sadə misalla belə izah
etmək mümkündür. A adlı şəxsin avtomobili Z sığorta şirkəti ASC-də (sığorta
şirkətləri təşkilati-hüquqi baxımdan yalnız Açıq Səhmdar Cəmiyyəti formasında təşkil
edilir) kasko sığortalanmışdır. Müqavilədə isə qeyd edilmişdir ki, şərtli
azadolma məbləği 500 AZN və ya sürücünün 60-dan çox yaşı olduqda 700 AZN şərtli
azadolma məbləği tətbiq edilir.
A adlı şəxs toydan “yaxşı” çıxdıqdan sonra əvvəlcədən
avtomobilini idarə etməyə etibarnamə verdiyi babasından avtomobili əvəzinə sürməsini
xahiş edir. Babasının isə 63 yaşı var. Babası toy korteji ilə qayıdarkən qəza
törədir və avtomobili binanın yaxınlığındakı dayanacağa vurur. Aydındır ki,
avtomobilin icbari sığortası dayanacağa dəymiş zərəri ödəyir. A adlı şəxsin
avtomobilinə isə dəymiş zərər 400 AZN təşkil edir. Bu halda heç bir ödəniş ala
bilməyəcəkdir. Ona görə ki, şərtli azadolma məbləği müəyyən edildiyi halda həmin
məbləğədək zərərlər ödənilmir. Yaxud hansısa bir hal (60-dan çox yaş misal) şərt
kimi göstərilirsə, həmin şərt baş verdiyi zaman göstərilən məbləğdən aşağı zərər
ödənilmir. Zərər şərtli azadolma məbləğindən artıq olduqda isə azadolma tətbiq
edilmir, tam məbləğdə zərər ödənilir. Yuxarıdakı misalda zərər 1000 AZN olsaydı
tam həcmdə ödəniş verilməli idi.
İndi isə şərtsiz azadolma barədə qeyd edək. Şərtsiz
azadolma o deməkdir ki, müqavilədə bu barədə qeyd mövcuddursa, baş vermiş hər
bir hadisə zamanı həmin məbləğ zərərdən çıxılacaq. A-nın evinin yanması zamanı
tutulan 1000 AZN şərtsiz azadolma hesab olunur. Yaxud A-nın avtomobili kasko
sığortalanıb. Müqaviləyə görə 500 AZN şərtsiz azadolma barədə qeyd olunub.
Bundan sonra isə A-nın avtomobili duvara dəymiş və 1500 AZN zərər dəymişdir. Bu
halda A-ya 1000 AZN ödəniş verilir.
Praktikada bunlarla yanaşı konkret məbləğlərdə müəyyən
edilmiş azadolmalara da rast gəlmək mümkündür. Belə ki, Azərbaycan Respublikası
“İcbari Sığortalar haqqında” qanununun 39.3-cü maddəsinə görə yerləşdiyi
yerdən asılı olaraq daşınmaz əmlakın icbari sığortası növü üzrə yaşayış evləri
və mənzillərlə bağlı tətbiq olunan azadolma məbləği – franşiza məbləğləri
aşağıdakı kimidir:
-
Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə
azadolma məbləği 250 manat,
-
Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən
daşınmaz əmlak üzrə azadolma məbləği 200 manat,
-
digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak
üzrə azadolma məbləği 150 manat təşkil edir.
Bununla yanaşı avtonəqliyyat vasitəsi sahiblərinin
mülki məsuliyyətinin icbari sığortası müqavilələri üzrə heç bir azadolma məbləğinin
tətbiq edilmədiyini xatırlatmaq yerinə düşərdi.
Bəs franşizanın tətbiqi zamanı ortaya çıxan başlıca
problemlər nədən ibarətdir?
Hazırda istər praktikada, istərsə də məhkəmə
iclasları zamanı bir çox halda proseslərin uzanmasına, sığorta şirkətindən
narazılığa və müxtəlif diskusiyaların yaranmasına başlıca səbəb franşizanın –
azadolma məbləğlərinin düzgün başa düşülməməsi, ətraflı izah olunmamasından
ibarətdir. Hətta məhkəmə prosesi başa çatdıqdan sonra bir çox halda sığorta
şirkətlərinin nümayəndələri qətnamə qəbul olunduqdan sonra məcbur olub qətnamə
qüvvəyə minənədək ərizə ilə müraciət edib, franşizanın zərər məbləğindən
çıxılması barədə əlavə qətnamə qəbul olunmasını xahiş edirlər.
Zənnimizcə franşizanın,
ümumiyyətlə sığorta hüququnun, sığorta anlayışlarının daha dəqiq və düzgün başa
düşülməsi üçün sırf daha geniş təlimlərin keçirilməsinə, o cümlədən belə təlimlərdə
iştiraka marağın artmasına zərurət vardır.