Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası barədə
Bir sıra xüsusi statusa malik şəxslərin, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə dövlət icbari şəxsi sığortası tətbiq olunduğu az sayda şəxsə məlumdur.
Bu hərbi qulluqçular Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən hər il sığorta təminatı alırlar.
Qeyd etmək lazımdır ki, sığorta məbləği 11 min manatdır və yalnız aşağıdakı hadisələrə görə qanunvericiliklə müəyyən edilmiş qaydada hərbi qulluqçulara və ya onların ailə üzvlərinə sığorta ödənişi verilir.
Hərbi qulluqçu
1) hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə
2) hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə
3) hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda)
4) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda
5) həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda
6) həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda
Yuxarıda göstərilən hallarla bağlı isə ümumilikdə nəzərdə tutulmuş 11000 AZN məbləğində sığorta ödənişi aşağıdakı faiz nisbətində ödənilir.
- 1, 2 və 3-cü hallar baş verdikdə 100% məbləğində
- 4-cü hal baş verdikdə əlilliyin dərəcəsinə uyğun olaraq
I qrup əlilliyə görə — 80%
II qrup əlilliyə görə — 60%
III qrup əlilliyə görə — 40%
- 5-ci hal baş verdikdə 25%
- 6-cı hal baş verdikdə isə 5% həcmində sığorta ödənişi verilir.
Xatırlatmaq yerinə düşərdi ki, 5-ci və 6-cı hallar 1, 2 və 4-cü hallar istisna olmaqla baş verdikdə ödənilir.
Yeni mövzulardan xəbərdar olmaq üçün mütəmadi olaraq blogumu izləyə və ya shahsehriyar@yahoo.com emailinə yaza bilərsiniz.