Karantin rejiminin pozulmasına görə hansı sanksiyalar nəzərdə tutulur?


Bu yazımızda bütün dünyanı cənginə alan və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya sayılan Covid-19 virusu ilə bağlı Azərbaycan Respublikasında da tətbiq edilən karantin rejiminin pozulması hallarında nəzərdə tutulan məsuliyyət tədbirləri barədə məlumat verəcəyik.
Əvvəla qeyd etmək mümkündür ki, 17 mart 2020-ci il tarixdə İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində edilmiş əlavə və dəyişikliklərdən sonra karantin (sanitariya-gigiyena, epidemiya əleyhinə rejim də) rejiminə riayət olunmaması halında məsuliyyət tədbirləri konkretləşdi.
Belə ki, mövcud rejimi pozmağa görə 
- fiziki şəxslər 100-200 manat,
- vəzifəli şəxslər 1500-2000 manat, yaxud işin hallarına görə, pozuntuya yol verən şəxsin şəxsiyyəti nəzərə alınaraq 1 ayadək inzibati həbs,
- hüquqi şəxslər 2000-5000 manatadək cərimə olunur.
Xatırladaq ki, bu növ inzibati pozuntulara rayon-şəhər məhkəmələri baxacaq.
Eyni zamanda bildiririk ki, 17.03.2020-ci il tarixli digər bir qanunla Cinayət Məcəlləsinə karantin rejimi ilə bağlı məsuliyyət tədbirlərini nəzərdə tutan yeni maddə əlavə edildi. Bu maddəyə görə karantin rejiminin (epidemiya əleyhinə və sanitariya-gigiyena qaydaları üzrə rejimlərin də) pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya yayılmasına real təhlükə yaratdıqda
- 2500-5000 manat cərimə,
- 2 ilədək azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulur.
Onu da qeyd edək ki, bu əməllər daha ağır nəticə və ya ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olduqda 3-5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Qeyd etmək zəruridir ki, hazırda 24.03.2020-20.04.2020-ci il tarixləri üzrə Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejimi tətbiq olunur.
Mövcud rejim üzrə başlıca qadağalar aşağıdakılardır:
- 65 yaşdan yuxarı şəxslər evdən çıxmamalıdır.
- Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna bəzi nəqliyyat vasitələri istisna olmaqla giriş-çıxış məhdudlaşdırılıb.
- rayon və şəhərlərarası sərnişindaşıma dayandırılıb.
- ictima yerlərdə, park, bulvar, küçələr və sair yerlərdə 10 nəfərdən artıq toplaşmaq olmaz.
- ictimai iaşə müəssisələri üçün xüsusi iş rejimi müəyyən edildi. Mall-ların fəaliyyəti dayandırıldı.
Ətraflı: https://nk.gov.az/az/article/761/