Azərbaycan sığorta şirkətlərinin 2012-ci ildən statistikası (yığımları və ödənişləri)



24 iyun 2011-ci il tarixli "İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası qanununun qüvvəyə minməsindən sonra bir sıra icbari sığorta növlərinin tətbiqinə başlanması, İcbari Sığorta Bürosunun fəaliyyətinin icrasını həyata keçirməsi və İnzibati Xətalar Məcəlləsində müvafiq qaydada icbari sığorta edilməməsinə görə cərimələri nəzərdə tutan maddələrin daxil edilməsi nəticəsində Azərbaycanda sığorta bazarında canlanma yaranmış və bu da sığortaçıların statistikasında özünü göstərmişdir. İlk dəfə olaraq (qürurla qeyd edərək) 2012-ci ildən indiyədək Azərbaycan sığortaçılarının yığımları və ödənişləri üzrə vahid statistikanı sistemləşdirməyə nail olduq.
Məlum oldu ki, 2012-ci ildən indiyə kimi 30 sığorta şirkəti fəaliyyət göstərmiş, 9 şirkət rəqabət qabiliyyətliliyin zəifləməsi və maliyyə problemləri ilə əlaqədar sığorta bazarını tərk etmişdir.
Statistikaya diqqət yetirdikdə məlum olur ki, illər üzrə (2012-ci ildən 2018-ci ilədək) ən yüksək yığım və ən yüksək ödəniş 2016-cı ilə münasibətdə "Paşa Həyat Sığorta Şirkəti" ASC-də (152757723,26 AZN yığım, 58004591,98 AZN sığorta ödənişi) baş tutmuşdur.
Ötən dövrə nəzər yetirdikdə həmçinin müəyyən edilir ki, 2015-ci ildə baş verən 2 devalvasiya əksər sığortaçıların yığımlarına kəskin təsir göstərmiş, həmçinin sığorta ödənişləri ilə yığmlar arasındakı nisbət də əhəmiyyətli dərəcədə dəyişmişdir. Elə bunun nəticəsidir ki, sırf 2015-ci ildən başlayaraq 2018-ci ilədək 9 sığortaçı ləğv prosesinə başlamışdır.
Bütün bu proseslər sığorta sektorunda kəskin dəyişikliklərin maliyyə itkiləri nəticəsində meydana gəldiyini deməyə əsas verir. Zənnimizcə sığorta haqlarının məbləğləri və sığorta ödənişlərinin həyata keçirilməsi ilə əlaqədar beynəlxalq təcrübənin öyrənilməsi və qanunvericilikdə zəruri düzəlişlərin edilməsinə ehtiyac var.