Qeyri-iş günü baş verən sığorta hadisələri üzrə xidmətlər ilk iş günü necə tənzimlənməlidir?


Məlum olduğu kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.03.2020-ci il tarixli qərarına əsasən 29 martda başa çatması gözlənilən qeyri-iş günlərinin müddəti 5 günlük iş həftəsində çalışanlar üçün 3 aprel, 6 günlük iş həftəsində çalışanlar üçün isə 4 aprelədək artırıldı. Müvafiq qərar aptek, banklar, ərzaq mağazaları kimi müəssisələrə şamil olunmasa da, sığorta şirkətlərinə şamil edildi. Bu səbəbdən də sığorta şirkətlərində qeyd edilən müddət qeyri-iş günləri hesab olunacaq.
Sığortaçıların qanunvericiliklə müəyyən edilmiş öhdəlikləri isə qeyri-iş günləri bitən kimi dərhal başlayır.(Başlıca tətbiq edilən icbari sığorta növləri (mülki-məsuliyyət, daşınmaz əmlak) üzrə)
Bəs hansı öhdəliklər sığortaçılar tərəfindən qeyri-iş günləri bitən kimi icra olunmalıdır?
- Sığortaçıya hadisə barədə şifahi məlumat verildikdən sonra 3 iş günü müddətində zərərçəkmişə hadisə barədə yazılı sığorta tələbinin forması göndərilməlidir. Qeyd edək ki, hadisə günü sığorta şirkəti ilə əlaqə saxlansa da, məlumat vermək mümkün olmazsa, səlahiyyətli dövlət orqanına məlumat vermək mütləqdir. Hadisə qeydə alındıqdan sonra bir daha sığorta şirkəti ilə əlaqə saxlanması məqsədəuyğundur.
- Hadisə barədə məlumat aldıqdan sonra 7 iş günü müddətində əmlaka dəymiş zərəri qiymətləndirməlidir. Qiymətləndirmə şəkil, video, sxem və digər üsullarla aparıla bilər.
- Hadisə barədə təsdiqedici sənədlərin alınması üçün səlahiyyətli dövlət orqanlarına 3 iş günü müddətində sorğu göndərməlidir.
- Qanunvericiliklə müəyyən edilmiş bütün sənədlər təqdim edilibsə, 7 iş günü müddətində sığorta ödənişini verməlidir.