Mülki-məsuliyyətin icbari sığortası növü üzrə sığorta haqqı necə müəyyən edilir?
Dəyərli oxucular, bu yazımızı bir az gündəmdən uzaqlaşmaq üçün fərqli istiqamətdə yönəltdik.
Bu dəfə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (hamıya avto icbari kimi məlum olan) növü üzrə sığorta haqlarının hansı meyarlara əsasən müəyyən edilməsi barədə məlumat verəcəyik.
Mövzuya keçməzdən əvvəl xatırlatmaq mümkündür ki, bu sığorta növü üzrə sığorta şirkəti (sığortaçı) sığorta təminatı verdiyi avtonəqliyyat vasitəsini qanuni əsaslarla idarə edən şəxsin nəqliyyat vasitəsini istismar edərkən başqasının (özü və ailə üzvləri istisna olmaqla) sağlamlığı və ya əmlakına vurduğu zərəri ödəmək öhdəliyini daşıyır.
Bu sığorta növü üzrə sığorta haqqı 1 illik və birdəfəlik ödənilir.
Sığorta haqqının formalaşmasına təsir edən amillər kimi avtonəqliyyat vasitəsinin mühərrikinin həcmi və ya növünə görə oturacaq sayı, yaxud icazə verilən maksimum kütlə, sahibinin subyektliyi və müqavilə bağlanmazdan əvvəl müqavilə bağlayan şəxsin təqsiri nəticəsində baş vermiş hadisələri göstərmək olar. Bir sıra ölkələrdə sığorta haqqı nəqliyyat vasitəsinin dəyəri əsas götürülməklə ödənilsə də, ölkədə tətbiq edilən sığorta haqqı sistemi yuxarıda göstərilən kimi müəyyən edilib.
Belə ki, sığorta haqqı müqavilə gününə heç bir təqsirli hadisəsi olmayan fiziki şəxslə bağlanarsa, bu halda mühərrik həcmi 50-1500 kub sm olan nəqliyyat vasitəsi üçün 1 əmsalın 50 manata vurulması ilə alınan sığorta haqqı (50 manat baza sığorta haqqı sayılır) həddində olacaq. Qeyd edək ki, minik avtomobilləri üçün bu əmsallar hər 500 kub sm artıma görə 1 əmsal artımla hasilə əsasən sığorta haqqı müəyyən edilir. Misal üçün 1501-2000 kub sm minik avtomobili üçün sığorta haqqı 2 əmsal, yəni 100 manat olacaq.
Avtobus və mikroavtobuslarda oturacaq yeri 9-16 olduqda 3, 16-dan artıq olduqda 4 əmsal, yük avtomobillərində icazə verilən kütlə 3500 kq-dək 3, 3501-7000 kq-dək 4, yuxarı kütlədə isə 5 əmsal tətbiq olunur. Misal: 9-16 oturacaq yeri üçün 3×50=150 manat sığorta haqqı müqavilə bağlanmazdan əvvəl hadisəsi olmayan şəxslərə şamil olunur.
Əgər nəqliyyat vasitəsinin sahibi hüquqi şəxsdirdə, bu halda sığorta haqqı əlavə olaraq 1.2 əmsalına da vurulur. 9-16 oturacaq yerli avtobus misalına münasibətdə 150×1.2=180 manat
Onu da qeyd edək ki, bu sığorta növü üzrə tətbiq edilən bonus-malus sistemi şəxsin təqsirsiz sürücü olması halında hesablanan sığorta haqqının azalmasına, inzibati və ya cinayət hüquqi pozuntusu olması halında isə sığorta haqqının artmasına təsir edir.
Yekunda xatırladaq ki, sığorta haqqı üçün hesablamada fərqli nüanslar olsa da, sığortaçının maksimum öhdəliyi sabit məbləğdədir. 1 şəxsin ölümü və hadisə zamanı zərərçəkmiş əmlaklara münasibətdə 5000 manat, ümumilikdə əmlaka görə 5000 manat, sağlamlığa dəymiş zərərə görə 50000 manat məbləğində ödəniş verilir.