Fövqəladə vəziyyət rejimi nədir? Hansı hallarda tətbiq edilir?


Bu yazımızda Ümumdünya Səhiyyə Təşkilatının pandemiya statusu verdiyi yeni tipli Covid-19 virusu ilə əlaqədar xəbərlərin daim gündəmi zəb etməsini nəzərə alaraq fövqəladə vəziyyət rejimi barədə məlumat verəcəyik.
Əvvəla onu qeyd edək ki, Konstitusiyamıza görə Azərbaycan Respublikasının Prezidenti təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və başqa qəzalar baş verdikdə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi, yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.
Göründüyü kimi epidemiya və ya epizootiyalar baş verdikdə də fövqəladə vəziyyət rejimi tətbiq edilir. 
Mövzu ilə əlaqədar onu da qeyd edək ki, fövqəladə vəziyyət müvəqqəti tədbirdir və fövqəladə vəziyyətin tətbiq edilməsində məqsəd onun tətbiq edilməsinə səbəb olmuş şəraitin tezliklə aradan qaldırılması, qanunçuluğun bərpa edilməsi, vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının təmin olunması, müvafiq icra hakimiyyəti orqanları və yerli özünüidarə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin normal fəaliyyət göstərməsi üçün şərait yaradılması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun müdafiəsidir.
Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində tətbiq edilən fövqəladə vəziyyətin qüvvədə olma müddəti 60 gündən artıq ola bilməz. Bu müddət ərzində fövqəladə vəziyyətin tətbiqində nəzərdə tutulan məqsədlərə nail olunmazsa, onun qüvvədə olma müddəti bu Qanunla fövqəladə vəziyyətin tətbiqi üçün nəzərdə tutulmuş tələblərə riayət olunmaqla 60 gündən çox olmayan müddətə artırıla bilər.
Fövqəladə vəziyyət rejimi zamanı bir sıra tədbirlər həyata keçirilir ki, bu tədbirlər bir qayda olaraq adi halda həyata keçirilməsi mümkün olan bəzi hərəkətlərin məhdudlaşdırılmasında özünü göstərir. Bu tədbirlərə misal olaraq aşağıdakıları göstərə bilərik:

vətəndaşların hərəkət sərbəstliyinə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həmin əraziyə daxil olmalarına və orada yaşamalarına məhdudiyyətlər qoyulması, gediş-gəlişi nizama salan xüsusi rejimin müəyyən edilməsi;

ictimai asayişin, dövlət mühafizəsi altında olan obyektlərin, habelə əhalinin həyat fəaliyyətini və nəqliyyatın işini təmin edən obyektlərin mühafizəsinin gücləndirilməsi;

ayrı-ayrı maliyyə-iqtisadi fəaliyyət növlərinin həyata keçirilməsinə, o cümlədən malların, xidmətlərin və maliyyə vəsaitlərinin yerdəyişməsinə məhdudiyyətlər qoyulması;

gündəlik tələbat mallarının və ərzağın əldə olunmasında, satışında və bölüşdürülməsində xüsusi rejimin müəyyən edilməsi;

yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri və piketlər, eləcə də digər kütləvi tədbirlərin keçirilməsinə qadağan və ya məhdudiyyət qoyulması;

Karantin və ya komendant saatınım tətbiqi və s.

Onu da qeyd etmək mümkündür ki, fövqəladə vəziyyət rejiminin pozulması ilə əlaqədar aşağıdakı inzibati tənbeh tədbirlərinin tətbiqi mümkündür:

fiziki şəxslər qırx manatdan səksən manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə on beş günədək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.