Xəstəliklə əlaqədar əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət barədə




Bir sual:
-          Xəstələnən işçinin stajına görə bülleten (xəstəlik vərəqəsi) təqdim etməklə ödənilən müavinət hansı nisbətlərdə ödənilir?

Bir cavab:
-          Işçinin  8 ilədək sosial sığorta stajı olduqda – qazancın 60%-i,
8 ildən 12 ilədək sosial sığorta stajı olduqda – qazancın 80%-i,
12 il və daha çox sosial sığorta stajı olduqda – qazancın 100%-i olaraq ödənilir.


İzahlar:
Xəstəlik zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsi sosial sığorta hadisəsi hesab olunur və əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün) sosial sığorta üzrə ödəmələrin bir növdür.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ilk 14 təqvim günü üçün işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.
Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır.
Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması ilə tapılır.