Artıq ödənilmiş vergi necə geri alına bilər?
Vergi ödəyicilərinin başlıca hüquqlarından biri də artıq ödənilmiş və ya tutulmuş vergi məbləğlərinin geri qaytarılması və ya əvəzləşdirilməsini tələb etməkdir.
Bu hüquq yarandığı halda vergi ödəyicisi dərhal müvafiq vergi orqanına ərizə ilə müraciət etməlidir.
Xatırladaq ki, müvafiq ərizə olduğu halda növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən həyata keçirilə bilər. Nəzərə almaq lazımdır ki, bu yoxlama sırf bu artıq ödəmə və ya tutulmanın yenidən dəqiqləşdirilməsi üçün tətbiq edilir.
Vergi ödəyicisi vergilərin artıq ödənilmiş və ya tutulmuş olduğunu müəyyən etdikdə, müvafiq ərizəni təqdim etdiyi tarixdən məbləğ geri ödənilənədək həmin məbləğin 0.1%-i məbləğində cərimə faizi hər gecikdirilən gün üçün vergi ödəyicisinə ödənilməlidir. Onu da qeyd edək ki, artıq ödənilmiş və ya tutulmuş məbləğ vergi ödəyicisinin ərizəsini verdiyi tarixdən 45 gün müddətində geri ödənilərsə, faizlər vergi ödəyicisinə ödənilmir.
Vergi ödəyicisi vergi hesabatı dövrü başa çatdıqdan sonra 5 il ərzində artıq ödənilmiş vergiləri tələb etmək hüququna malikdir.
Vergi Məcəlləsinin 87.1-ci maddəsinə görə artıq ödənilmiş və ya tutulmuş vergilər vergi ödəyicisinin ərizəsinə əsasən ya vergi ödəyicisinin digər vergi, faiz, maliyyə sanksiyası və inzibati cərimələr üzrə borclarına aid edilir, ya da vergi ödəyicisinin növbəti vergi öhdəliyinə aid edilərək, növbəti ödənişlə əvəzləşdirilir.
Yekunda isə mövzu ilə əlaqədar qeyd edə bilərik ki, artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası üzrə ödənişlərin və ya tutulmaların geri qaytarılma qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.02.2001-ci il tarixli 048 saylı qərarı ilə tənzimlənir.
#hüquqşünas, #hüquq, #hr, #əmək_hüququ, #qanunvericilik