Nizamnamə kapitalı (izahı və minimumları)
Nizamnamə kapitalı barədə vahid bir anlayışın mövcud olmamasına baxmayaraq qeyd etmək mümkündür ki, nizamnamə kapitalı bir şirkətin kreditorlarının mənafelərinin təmin edilməsi üçün tələb olunan məbləğdə ifadə olunur. Daha dəqiq desək nizamnamə kapitalı şirkətin təsis olunması barədə sənəddə (nizamnamə, əsasnamə və s) əks olunmaqla onun fəaliyyəti zamanı öhdəlik götürdüyü müqavilələrlə əlaqədar kreditor kimi çıxış edən şəxslərin (fiziki və hüquqi şəxs) şirkətin ləğv olunması zamanı şirkətin götürdüyü öhdəliyin icrasını təmin edə bilmək imkanı verir.
Nizamnamə kapitalı barədə bir sıra ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən bəzi hüquqi şəxslərdə (kredit təşkilatları, sığorta şirkətləri, poçt müəssisələri, dini qurumlar, publik hüquqi şəxslər və s) konkret tələblər qanunvericiliklə müəyyən olunsa da, əksər şirkətlərdə, xüsusilə də məhdud məsuliyyətli cəmiyyət təşkilati-hüquqi formasında fəaliyyət göstərən kommersiya müəssisələrində belə tələblər mövcud deyildir.
Bu isə həmin şirkətlərlə müqavilələri olan kreditorların mənafelərinin qorunmamasına gətirib çıxara bilir.
Mövzu çərçivəsində qanunvericilik aktları ilə tənzimlənmiş bəzi müəssisələrdə hazırda tələb olunan nizamnamə kapitalının minimum məbləğləri barədə də məlumat veririk.
Banklar - Azərbaycan Respublikası Mərkəzi Bankının 25.07.2012-ci il tarixli 20/3 saylı qərarı ilə təsdiqlənmiş qaydalara əsasən yeni yaradılan bankların nizamnamə kapitalının minimum məbləği 50 milyon manat olaraq müəyyən edilmişdir.
Sığortaçılar - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 24.01.2014-cü il tarixli 05 saylı qərarı ilə yeni yaradılan və fəaliyyətdə olan qeyri-həyat sığortası şirkətləri üçün nizamnamə kapitalının minimum məbləği 5 milyon manat, həyat sığortası şirkətləri üçün isə 10 milyon manat olaraq müəyyən edilmişdir.
Təkrarsığortaçılar - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 24.01.2014-cü il tarixli 05 saylı qərarı ilə yeni yaradılan və fəaliyyətdə olan təkrarsığorta şirkətləri üçün nizamnamə kapitalının minimum məbləği 20 milyon manat olaraq müəyyən edilmişdir.
Fond birjası, Klirinq təşkilatı və İnvestisiya fondu depozitarı - Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (səlahiyyəti Maliyyə Bazarlarına Nəzarət Palatasına ötürülüb) 29.09.2015-ci il tarixli 05 saylı qərarı ilə təsdiqlənmiş qaydalara əsasən nizamnamə kapitalının minimum məbləği 1 milyon manat olaraq müəyyən edilib.
Bank olmayan kredit təşkilatları - Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 07.07.2017-ci il tarixli 14 saylı qərarı ilə təsdiqlənmiş qaydalara əsasən kommersiya hüquqi şəxs kimi yaradılan BOKT-lar üçün nizamnamə kapitalının minimum məbləği 300 min manat, qeyri-kommersiya hüquqi şəxs kimi yaradılan BOKT-lar üçün isə 30 min manat olaraq müəyyən edilib.
Kredit ittifaqları - Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 07.07.2017-ci il tarixli 16 saylı qərarı ilə təsdiqlənmiş qaydalara əsasən nizamnamə kapitalının minimum məbləği 4 min manat olaraq müəyyən edilmişdir.
#hüquqşünas, #hüquq, #hr, #mülki_hüquq, #qanunvericilik
#hüquqşünas, #hüquq, #hr, #mülki_hüquq, #qanunvericilik