Əmək məzuniyyəti barədə az bilinənlər (hissəli yazı)



Məlum olduğu kimi Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək müqaviləsi əsasında fəaliyyət göstərən şəxslərin əmək məzuniyyəti ilə bağlı başlıca məsələləri tənzimləyir. Əmək məzuniyyəti üzrə bir sıra hallar barədə artıq dəfələrlə yazıldığı üçün bu dəfə sırf az bilinən bəzi halları izah etməyə çalışacağıq. Mövzuya keçməzdən əvvəl qeyd edək ki, araşdırılmayan hüquqi mövzuların izahını öyrənmək üçün bloga abunə ola bilərsiniz. Həmçinin facebookda "Mənim hüququm var mı?" səhifəsini (facebook.com/huququm), instagramda law.blogger hesabını, linkedində Shahriyar Habilov hesabını, muhasibat.az və banker.az saytlarını izləməklə də bəzi araşdırmaları ilk siz görə bilərsiniz.

I hissə.
Əmək məzuniyyətinin az bilinənlərini təqdim edirik.
1) Məzuniyyətin başa çatdığı vaxt əmək müqaviləsinin xitam tarixi ola bilər.
Əmək Məcəlləsinin 69.6-cı maddəsinə əsasən işçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər.
Bu isə o deməkdir ki, işçi yazılı ərizə ilə işəgötürənə müraciət edərək həm iş ilinə görə istifadə etmədiyi əmək məzuniyyətini götürə, həm də məzuniyyətin qurtardığı günün onunla bağlanmış müqavilənin xitam günü kimi olmasını qeyd edə bilər. Buna baxmayaraq işəgötürən tərəfindən işçinin məzuniyyətdə olduğu vaxt əmək müqaviləsinə xitam verilə bilməz.
2) İşçinin əsas iş yerində məzuniyyətlərdən istifadə etmək hüququ olduğu halda, əlavə iş yerində də eyni hüquq keçərlidir mi?
Bu suala Əmək Məcəlləsinin 110-cu maddəsi ətraflı cavab verir. Belə ki, 110.2-ci maddəyə görə əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır.
3) Uşaqlı qadınların bonuslu məzuniyyət hüququ. =)
Belə ki, Məcəllənin 117.1-ci maddəsinə görə əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Onu da xatırladaq ki, uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərə də bu hüquq verilir.

II hissə.
Bu dəfəki yazıda əmək məzuniyyətinin az bilinən növlərindən bəhs edəcəyik.
4) Uşağa qulluğa görə verilən qismən ödənişli sosial məzuniyyət hüququ.
Əmək Məcəlləsinin 127.1-ci maddəsinə görə uşaq 3 yaşına çatanadək valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağa qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyət hüququ əldə edir. Onu da qeyd edək ki, bu 3 yaşadək olan dövr əmək məzuniyyətinin yaranması üçün staj müddəti hesab edilməyən dövr sayılır. Daha doğrusu bu il ərzində işçinin ödənişli məzuniyyət hüququ yaranmır. Həmçinin xatırladaq ki, bu dövrdə verilən ödəniş isə blogumuzda olan uşaq pulu ödənişi kimi başa düşülməlidir. Ətraflı həmin yazıda oxuya bilərsiniz.
Bu hissə ilə bağlı isə yekunda qismən ödənişli sosial məzuniyyət hüququnun həm birdəfəlik, həm də hissəvi olmasını qeyd etməyi vacib hesab edirik.
5) Yoldaşlarının hesabına ("şotuna") məzuniyyət hüququ əldə edən kişilər barədə. =)
Əmək Məcəlləsinin 130-cu maddəsinin "b" bəndinə əsasən yoldaşları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə 14 təqvim gününədək məzuniyyət hüququ verilir. Amma...
Amması odur ki, bu hüquq heç də kişilərə ödəniş əldə etmək imkanı verməməsidir. Ona görə ki, bu hüququ ödənişsiz məzuniyyət hüququdur. Daha anlaşılan dildə desək, bu 14 gün məzuniyyətdə olan müddət sayılır, lakin tamamilə ödənişsiz olacaqdır. Nəzərə alsaq ki, doğuşla əlaqədar xərclərin çoxluğu ön planda olur, bu baxımdan da kişilərin bu hüquqlarından imtina etməyi tamamilə təbii haldır. =)
6) Əlilliyi olan işçilərin ödənişli məzuniyyətə olan hüququ neçə gündür?
Əmək Məcəlləsinin 119.2-ci maddəsinə görə əlilliyin səbəbi, müddəti və qrupundan asılı olmayaraq işləyən əlilliyi olan şəxslərə bir iş ilində 42 təqvim günündən az olmayaraq məzuniyyət hüququ verilir.

III hissə
Əmək məzuniyyəti daim maraq mövzusu olan işçi hüquqlarından biri olduğu üçün hər dəfə bu mövzu çərçivəsində az bilinən məlumatları bölüşməyi üstün sayırıq.
Bu dəfəki araşdırmada əmək məzuniyyətinin hesablanması qaydasını və işdən azad olunarkən ödənilən məbləğ barədə izah etməyə çalışacağıq.
7) Məzuniyyət hüququ təqvim ili ilə hesablanmır.
Bəli. Bu qanunvericiliyin tənzimlədiyi mühüm məsələlərdən biridir. Belə ki, məzuniyyət hüququ iş ili əsas götürülməklə yaranır. Daha dəqiq desək işçinin işə başladığı gündən növbəti ilin həmin gününədək olan müddət iş ili sayılır.
Misal. A adlı şəxs sürücü ştatı üzrə 2017-ci il may ayının 5-i işə başlayıbsa, onun iş ili 2018-ci il may ayının 5-də başa çatmış sayılır və bu müddət ərzində onun qanunvericiliklə müəyyən edilmiş məzuniyyət hüququ yaranır. Həmin işçinin göstərilən misalda nəzərdə tutulmuş iş ili ərzində məzuniyyət hüququndan istifadə etməməsi ya kompensasiya almaq, ya da növbəti iş ilinin məzuniyyəti ilə birləşdirmək imkanı verir.
8) Məzuniyyət haqqının çox olması üçün məzuniyyətə çıxmazdan əvvəlki 12 ayda əmək haqqının da çox olması vacibdir.
Belə ki, məzuniyyət haqqının tapılması üçün düstur və ya hesablama qaydası qanunvericiliklə aşağıdakı formada müəyyən edilmişdir.
a) işçinin orta aylıq əmək haqqı tapılmalıdır. Misal. İşçi məzuniyyətə may ayında çıxmaq istəyirsə, maydan əvvəlki 12 ayın əmək haqqı cəmi tapılıb, 12-yə bölünməklə işçinin orta aylıq əmək haqqı tapılır. İşçinin əmək haqqı 500 AZN-dir və 12 ay ərzində heç bir əlavə olmayıbsa, 500*12=6000;     6000/12=500. deməli işçinin orta aylıq əmək haqqı 500 AZN-dir.
b) işçinin orta aylıq əmək haqqına uyğun olaraq bir günlük əmək haqqı tapılmalıdır.
Orta aylıq əmək haqqı 500 AZN olan işçinin bir günlük əmək haqqını tapmaq üçün 500-ü 30,4-ə bölürük. 500/30.4=16.45 AZN.
c) İşçinin məzuniyyət haqqı istifadə etmək istədiyi məzuniyyət müddətinin bir günlük əmək haqqı ilə hasilindən alınacaqdır.
Belə ki, işçinin 14 gün məzuniyyətə çıxmaq istədiyi məlumdursa, hesablama aşağıdakı kimi olacaq.
14*16.45 AZN= 230.3 AZN. Deməli işçi 230.3 AZN alacaq.
9) İşçi ilə əmək müqaviləsinə xitam verilərkən onun iş ilinə (və ya illərinə) görə istifadə etmədiyi əsas məzuniyyət günləri üzrə  yuxarıdakı hesablama nəzərə alınmaqla ona kompensasiya ödənilməlidir. Burada diqqət yetirilməli başlıca məsələ işçiyə iş stajına görə və ya uşaqlı qadınlara verilən əlavə məzuniyyət günlərinin nəzərə alınmaması və ödənilməməsidir.

IV hissə
10) Hissəli əmək məzuniyyəti
Qanunvericiliyə əsasən əmək məzuniyyəti hissəli verilə bilər. Bu şərtlər ki, bir hissənin müddəti 2 təqvim həftəsindən az olmamalıdır. Bu ona imkan verir ki, ən azı ildə bir dəfə işçi 14 gün tam məzuniyyətdə ola bilsin.
11) Əmək məzuniyyətindən geri çağırılan işçinin mütləq bilməsi lazımdır.
İşçi yalnız öz razılığı ilə, əmrlə və istehsalat qəzası yaxud təxirəsalınmaz hallarda (sübut edilməlidir) məzuniyyətdən geri çağırıla bilər. Geri çağırılan işçiyə tərəflərin razılığı ilə ya işə başladığı gündən etibarən əmək haqqı hesablanır və işlədiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilir, ya da işə başladığı gündən etibarən işçiyə əmək haqqı hesablanır, istifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutulur və məzuniyyətin istifadə edilməmiş günləri gələcəkdə müəyyən edilmiş vaxtda verilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada yenidən məzuniyyət pulu hesablanıb ödənilir.

V hissə
12) Yeni ana olan işçilərlə bağlı xüsusi güzəşt
Əmək Məcəlləsi tərəfindən tənzimlənmiş məsələlərdən biri də ondan ibarətdir ki, 3 yaşınadək uşağı olan şəxsin sosial məzuniyyət müddətində və uşağın 3 yaşı bitdikdən sonra işə başladıqda, lakin 1 ildən az işlədiyi halda həmin işçi (uşağını təkbaşına böyüdən kişilər də) attestasiya oluna bilməz.
13) Məzuniyyət dövrü əmək müqaviləsinin müddətinin bitdiyi vaxta təsadüf edərsə olacaqlar
Bu halda məzuniyyət bitdikdən sonrakı gündən 1 həftə ərzində ya işçiyə bildiriş verilməklə müqaviləyə müddətin bitməsi səbəbindən xitam veriləcək, ya da müqavilə növbəti müddət üçün uzadılmış sayılacaq.
14) Kimlərə əmək stajına görə əlavə məzuniyyət hüququ verilmir?
Bu suala cavab vermək üçün bildiririk ki, pedaqoji və elmi fəaliyyətlə məşğul olan, yaşı 18-dən az olan, əlilliyi və sağlamlıq imkanı məhdudluğu olan, o cümlədən Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərə əmək stajına görə əlavə məzuniyyət hüququ verilmir.

VI hissə
15) Donorlara verilən əlavə məzuniyyət günü.
Hər dəfə əvəzsiz olaraq qan və ya qan komponentlərini verən işçilərə donor olduqları gün onların orta əmək haqqı saxlanılmaqla ona əlavə istirahət günü verilməlidir. Bu istirahət günü donorun arzusuyla ya illik məzuniyyət müddətinə əlavə edilə ya da istənilən vaxt istirahət günü kimi nəzərdə tutula bilər.
16) Əmək məzuniyyəti müddətinin hesablanması
Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanmaqdadır. Bu təqvim günü yalnız bayram gününə düşdükdə həmin bayram gününə düşən məzuniyyət müddəti bayram müddəti çərçivəsində uzadılır. Daha dəqiq desək, şəxsin əmək məzuniyyəti Ümumxalq Hüzn Gününə düşdükdə bu müddət uzadılmayacaqdır.
17) Yoldaşı hamilə olan yeni işə başlayan işçi məzuniyyətdən istifadə edə bilər mi?
Cavab çox vaxt olduğu kimi yenə də müsbətdir. Deməli işçinin işləmə müddətindən asılı olmayaraq işçinin arzusuyla yoldaşının hamilə və doğuşa görə məzuniyyətdə olduğu dövrdə işçiyə məzuniyyət  verilir.

VII hissə
18) Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan hansı işçilərə 46 təqvim günü məzuniyyət hüququ verilir?
- Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan
- Azərbaycanın Milli Qəhrəmanlarına,
Azərbaycanın Sovet İttifaqı Qəhrəmanlarına,
1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara,
- İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə
Göründüyü kimi bu hüquq yalnız müəyyən kateqoriya işçilərə verilir ki, bu kateqoriyaya aid edilməyən işçilərə verilən əmək məzuniyyətinin müddəti adi qaydada hesablanır.
19) Televiziya və radionun bədii heyətlərinə verilən əmək məzuniyyətinin müddəti 42 təqvim müddətindən az ola bilməz. Onu da qeyd edək ki, bu müddət həmçinin artist heyətlərinə də aid edilir.
20) 2 aylığadək yaşında uşağı övladlığa götürən qadınların sosial və əlavə əmək məzuniyyətləri hansılardır?
Qanunvericilik humanizm prinsipindən çıxış edərək bildirir ki, əgər qadınlar 2 aylığadək yaşında uşağı övladlığa götürürlərsə, onlara 56 gün sosial məzuniyyət götürmək hüququ verilir. Həmçinin qadınların bu övladlığa götürülən uşaqla birgə 14 yaşına çatmayan 2 uşağı olarsa, 2 gün, üç və daha çox uşağı olarsa, 5 gün əlavə məzuniyyət hüququ verilir. Xatırladaq ki, həmin kateqoriyaya daxil olan, yəni 2 aylığadək yaşında uşağı övladlığa götürən qadınların uşağın 3 yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyətdən də istifadə etmək hüququ vardır.

VIII hissə
21) Hamiləliyə görə qismən ödənişli məzuniyyət hüququ
Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir.
Bu 56 günlük məzuniyyət müddətinə xanımın doğuşu çətin olduqda və 2 və çox uşağı dünyaya gətirdikdə 14 günlük müddət də əlavə edilir.
22) Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi
Məlum olduğu kimi iş ili başa çatanadək işçi məzuniyyət hüququndan istifadə etməlidir. Əgər işçi məzuniyyət hüququndan istifadə etməzsə, onda işçinin həmin iş ili üzrə müəyyən edilmiş məzuniyyət müddətini növbəti işi ilinə birləşdirərək birlikdə cəmlənmiş məzuniyyət götürə bilər.
Belə olduğu təqdirdə işəgötürənin mütləq təşəbbüsü, işçinin isə razılığı olmalıdır ki, bitmiş işi ilinin məzuniyyəti növbəti işi ili ilə birləşdirilsin.
Əgər işçi növbəti iş ilinin məzuniyyəti ilə əvvəlki iş ilinin məzuniyyətini birləşdirmək istəməzsə, belə olduğu təqdirdə işçiyə mütləq kompensasiya ödənilməlidir. Onu da xatırladaq ki, işəgötürən kompensasiya ödənişindən imtina etdiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada cərimələnə bilər.

IX hissə (sonuncu hissə)
23) Məzuniyyət ərizəsi nə vaxt yazılmalıdır?
Əmək Məcəlləsinə görə məzuniyyət əmri işçi məzuniyyətə çıxmazdan 5 gün əvvəl verilməli və işçi bu əmrlə tanış edilməli olduğu üçün məqsədəuyğundur ki, məzuniyyətə çıxma barədə ərizə məzuniyyətə çıxmazdan azı 6 gün əvvəl verilsin. Onu da nəzərə almaq olar ki, bu günlər təqvim günləri qismində hesablanır.
24) Məzuniyyət haqqı nə vaxt ödənilməlidir?
Qanunvericiliyə görə işçiyə məzuniyyətə çıxmazdan 3 gün əvvəl artıq məzuniyyət haqqı ödənilmiş olmalıdır. Əgər bu müddət ərzində işçiyə məzuniyyət haqqı ödənilməz və məzuniyyət başlananda ödənilmiş olarsa, bu halda işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı məzuniyyət haqqının ödənilmə vaxtı olaraq hesablana bilər.

Bu mövzu ilə bağlı əlavə araşdırmaları növbəti yazıda izləyə bilərsiniz.
#hüquqşünas, #hüquq, #hr, #əmək_hüququ, #qanunvericilik