Sığorta sektoru üzrə Əlavə dəstəkləyici tədbirlər (Tədbirlər Planından irəli gələrək)


Dəyərli izləyicilər, bu yazımızda 19.03.2020-ci il tarixdə verilmiş Azərbaycan Respublikası Prezidentinin pandemiya ilə bağlı sərəncamından irəli gələrək Azərbaycan Respublikası Mərkəzi Bankının 23.04.20-ci il tarixli qərarı ilə təsdiq edilmiş Əlavə dəstəkləyici tədbirlərdən sığorta sektoru üzrə nəzərdə tutulanlar barədə məlumat verməyə çalışacağıq.
Xüsusilə qeyd etmək zəruridir ki, bu tədbirlər dövlətin hər bir sektoru diqqətdə saxlamağını bir daha sübut edir.
1) Sığorta hadisələri barədə video və foto görüntülər daxil olmaqla, zərərlə bağlı müraciətlərin elektron poçt və elektron qaydada qəbul edilməsi sığorta şirkətlərinə tövsiyə edildi.
2) Könüllü sığorta müqavilələri üzrə sığorta haqlarının ödənilməsi barədə xüsusi karantin rejimindən təsirlənən şəxslərə (sığortalı) 30.09.20-ci il tarixə kimi möhlət verilməsi tövsiyə edildi.
3) Biznes proseslərin yeni şəraitə uyğunlaşdırılması üçün texnoloji tədbirlərin görülməsi ilə yanaşı, könüllü müqavilələrin elektron formada tərtibi də tövsiyyə olundu.
4) Sığorta şirkətlərinə (sığortaçı) internet səhifələrində iş rejimləri və zərər tənzimlənməsi prosedurları barədə məlumatları yerləşdirməsi, həmçinin sığortalıların hüquqlarının qorunması məqsədilə qaynar xəttin fasiləsiz işləkliyi və video zənglər vasitəsilə sığortalıların qəbulu da tövsiyə edildi.
Sığorta şirkətləri (sığortaçı) barədə tədbirlər isə aşağıdakılardır:
a) xüsusi karantin rejimindən təsirlənmiş sığortalılar üzrə 01.03.20-ci il tarixdən yaranan və 90 gün gecikmiş borcların şirkətlərin sığorta ehtiyatı və öz vəsaitləri hesablanarkən nəzərə alınması qeyd edildi.
b) Səyyar yoxlamaların (növbəti yoxlamalar) təxirəsalınmaz reaksiya halı istisna olmaqla, 30.09.20-ci ilədək təxirə salınması nəzərdə tutuldu.
c) İcbari Sığorta Bürosuna (İSB) ödənilməli təqvim haqlarının ödənişinə 30.09.20-ci ilədək möhlət verilməsi İSB-yə tövsiyə edildi
d) 2019-cu ilin nəticələri üzrə dividend ödənilməsinin 30.09.20-ci ilədək təxirə salınması, 2020-ci ildə aralıq dividend ödənilməməsi tövsiyə edildi.