Hansı əmanətlər sığortalıdır?


Bu yazımızda yeni dəyişiklik edilmiş "Əmanətlərin tam sığortalanması haqqında" Qanundan irəli gələrək sığortalı əmanətlər barədə məlumat verəcəyik.
Əvvəla qeyd edək ki, yeni dəyişikliklərdən sonra 02.03.2016-cı ildən başlayaraq 4 il 9 ay müddətinə banklarda olan və Əmanətlərin Sığortalanması Fondu (Fond) tərəfindən müəyyən edilmiş dərəcələr üzrə faizdə qoyulmuş əmanətlər sığortalıdır.
Mövzu çərçivəsində qeyd etmək mümkündür ki, qorunan əmanətlər üzrə faiz dərəcəsi
- 01.07.2019-cu ilədək milli valyutada 15%
Xarici valyutada 3%
- 01.07.2019-cu ildən sonra isə milli valyutada 10%, xarici valyutada 2.5% olaraq yuxarı həddə müəyyən edilib.
Bu o deməkdir ki, qeyd edilən müddətlərdə müvafiq faiz həddində olan və əmanət müqaviləsində sığortalı əmanət kimi göstərilən əmanətlər adıçəkilən Fond tərəfindən sığortalanmışdır.
Bu hallarda Fond əmanətçiyə kompensasiya ödəmək öhdəliyi daşıyır:
- iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud 
- qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və 
- bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının nəzarət orqanı tərəfindən təsdiq edilməsi.
02.03.2016-cı il 4 il 9 ay müddətinə əmanətin məbləğindən asılı olmayaraq Fondun müəyyən etdiyi faiz həddində olan əmanətlərlə bağlı göstərilən hadisələr baş verərsə, Fond əmanəti tam həcmdə ödəmək öhdəliyi daşıyır.
Əmanətlərin tam sığortalanması müddəti bitdikdən sonra baş verən bu hadisələrdə isə 30 min manatadək olan hissədə sığortalanmış əmanətlər Fond tərəfindən kompensasiya olunur. Qalan hissədə isə əmanətçi məbləği bankdan tələb etməli olacaq.
Əlavə olaraq qeyd edək ki, şəxsin bir bankda yaxud filial və şöbələrində 1 neçə əmanəti olsa da, onlar göstərilən hadisələr zamanı 1 əmanət kimi toplanır və kompensasiya edilir. Bir neçə bankda olduqda isə ayrılıqda hesablanır. Əmanət üzrə faizlər isə hadisə gününə hesablanmış məbləğdə verilir.