Ötən həftənin icmalı (27.08.18-01.09.18)


Aktiv keçən bir həftənin ardınca həftə ərzində baş verənlərin icmalı daim maraq mövzusu olduğundan bu yazıda həftənin icmalını ətraflı surətdə təqdim edirik.
Ötən həftə hansı yeniliklərin baş verdiyini aşağıda ətraflı görə bilərsiniz.
1) Azərbaycan Respublikası səfirliklərinin və konsulluqlarının funksiyalarına yeni bir funksiya əlavə edildi.
xarici ölkədə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına, xarici ölkədə fəaliyyət göstərən hüquqi şəxslərə elektron imza sertifikatının verilməsini təmin edir.

2) Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanması 2018-ci il sentyabr ayı olaraq dəyişdirildi.

3) Vətəndaşların şəxsiyyət vəsiqələrində əl-barmaq izləri də əlavə ediləcək.

4) Azərbaycan Respublikası Gənclər Fondunun vəsaitindən istifadə və Fondun vəsaiti hesabına kreditlərin verilməsi qaydası təsdiq edildi.
Bu qaydalara əsasən Fondun vəsaiti qrant müsabiqələri əsasında gənclər siyasəti sahəsində proqram və layihələrin, sosial müdafiəyə xüsusi ehtiyacı olan gənclərin təhsil aldıqları müddətdə təhsil xərclərinin (maksimum 5% məbləğində faiz dərəcəsi ilə kreditlərin verilməsi), gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində (yalnız Fondun saytındakı) təhsilinin və beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakının, əmək bazarına daxil olmaqda çətinlik çəkən gənclərin əməkhaqlarının 12 (on iki) aydan çox olmayan müddətdə qismən (50% məbləğdə əmək haqqının ödənilməsi) maliyyələşdirilməsinə və innovativ (startap) layihələrin maliyyələşdirilməsi üçün güzəştli kreditlərin ayrılmasına, habelə Fondun Nizamnaməsində nəzərdə tutulmuş digər istiqamətlərə yönəldilir.

5) Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yaradıldı və Komissiyanın Əsasnaməsi təsdiq edildi.
Komissiya sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühitinin yaradılması, ölkənin investisiya cəlbediciliyinin artırılması, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması ilə əlaqədar qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsinə və bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə dair təkliflərin hazırlanmasında və həyata keçirilməsində iştirak edən kollegial orqandır.

6) Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında qanun qəbul edildi.
Qanun müvafiq qeydiyyatlar əsasında insan şəxsiyyətinin eyniləşdirilməsinə imkan verəcək normativləri müəyyən edir.
Qanuna əsasən ümumvətəndaş, xidməti və ya diplomatik pasport alanlar, həqiqi hərbi xidmətə çağırılanlar və siyasi sığınacaq almaq istəyən şəxslər məcburi daktiloskopik qeydiyyatdan keçməli olacaq.

7) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səhiyyə Nazirliyi kollegiyalarının tərkibi təsdiq edildi.

8) Reklamı qadağan olunmuş əmtəələrin siyahısına yeni əlavələr edildi.
Nazirlər Kabinetinin qərarına əsasən ətraf mühit üçün təhlükə potensialı olan əmtəələr, istifadə olunmuş qurğuşun-turşu akkumulyatorlar, işlənilmiş batareyalar, istifadə olunmuş şinlər, işlənilmiş sürtkü və mühərrik yağları bu siyahıya aid edildi.