Hansı hallarda cəzalana bilərik? (sanksiyalar və həlləri) (silsilə yazı)


Cəmiyyətdaxili münasibətlərdə sərhədlər mövcud olduğu üçün bu sərhədləri pozmağa görə də daima cəzalar nəzərdə tutulmuşdur. Bu yazıda sırf hansı hərəkət və ya hərəkətsizliyə görə nəzərdə tutulmuş cəzaların olması barədə məlumat vermək istədik. Həmçinin yazı çərçivəsində cəzaların həlli yollarını da izah etməyə çalışacağıq.

I hissə
1) Aqressiv və stress dolu bir mühitdə yaşadığımız üçün bəzən istəmədən də olsa, əsəbimizə sahib ola bilmirik. Bəzi insanlarda bu aqressiya qarşısındakını vurma ilə nəticələnə bilir ki, bunu heç bir halda məsləhət görmürük.
Bu kimi hallarla bağlı nəzərdə tutulmuş cəzalar aşağıdakı kimidir:
a) Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə şəxs 300-500 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
Əgər döymə daha ağır nəticələrə səbəb olarsa, yəni 
b) Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin 1/3 hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma 3-8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
c) Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və b)-də nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
d) Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma 1000-1500 manatadək miqdarda cərimə və ya 240-360 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
e) Hətta ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma da 1200-2400 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu əməllərdən a)-da göstərilən əməlin törədildiyi təqdirdə, zərərçəkmiş barışıq baş tutduqda iş üzrə icraata xitam verilir. Bu əməllərdən c), d) və e)-də göstərilən əməllər törədildiyi halda isə əməli törədən şəxs zərərçəkmişlə barışdıqda və dəymiş ziyanı ödədikdə cinayət məsuliyyətindən azad olunur.

2) Daha bir əməl isə "xeyirsiz övlad" deyilən hallarla bağlıdır.
Belə ki, yetkinlik yaşına çatmış şəxslərin əmək qabiliyyəti olmayan valideynlərini saxlamaqdan və onlara baxmaqdan qəsdən boyun qaçırmasına görə xəbərdarlıq edilir və ya 60-100 manatadək məbləğdə cərimə edilir. Bu əməl 18 yaşına çatmış şəxslər barəsində tətbiq edilir və rayon-şəhər məhkəmələri tərəfindən müəyyən edilən cərimə ilə nəticələnə bilir. Bu cərimələrin mütəmadi olaraq tətbiq edilməməsi üçün məqsədəuyğundur ki, əmək qabiliyyəti olmayan valideynlərə daimi diqqət və qayğı göstərilsin.

3) Bir başqa qadağan olunan əməl isə məcburi nikahlarla bağlıdır.
Qadını nikaha daxil olmağa məcbur etmə 2000-3000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etmə isə 3000-4000 manatadək miqdarda cərimə və ya 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu cəzalardan xilas olmaq üçün isə qadınların da kişilərlə bərabər hüquqlu olduğunu unutmamaq və həm 18 yaşına çatmayan, həm də 18 yaşına çatsa da, nikaha daxil olmaq istəməyən xanımları nikaha məcbur etməmək məqsədəuyğundur.


II hissə
4) Hər bir sürücünün bildiyi başlıca qayda hər il icbari qaydada idarə etdiyi avtonəqliyyat vasitəsi ilə bağlı mülki məsuliyyətini sığortalamaqdır. Avtonəqliyyat vasitəsi sahibləri bilməlidir ki, icbari qaydada mülki məsuliyyətlərini sığorta etdirmədikdə onları aşağıdakı kimi cərimə gözləyir.
- fiziki şəxslər 50 AZN, vəzifəli şəxslər 100 AZN, hüquqi şəxslər isə 300 AZN məbləğində
Cərimə 20 gün müddətində qüvvədədir. Bu isə o deməkdir ki, 20 gündən sonra yenə həmin şəxs icbari qaydada avtonəqliyyat vasitəsi üzrə mülki məsuliyyətlətini sığortalatmadıqda, eyni cəriməyə məruz qalacaq.

5) Hər kəs bilir ki, vergiləri və digər məcburi ödəmələri ödəmək öhdəliyinə riayət olunmadıqda, müvafiq qaydada sanksiyalar nəzərdə tutulmuşdur.
Belə ki, 20 min AZN-dək məbləğdə vergi, işsizlikdən sığorta və məcburi sosial sığorta ödənişlərini ödəmədikdə
- şəxs inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin 30-70 faizinədək məbləğdə cərimə edilir.
Bu halda əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur.
20 min AZN-dən yuxarı və 100 min AZN-dən az məbləğdə müvafiq ödənişləri ödəməkdən yayınmağa görə şəxs
- cinayət nəticəsində vurulmuş ziyanın 2-4 mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
100 min AZN-dən 500 min AZN-dək məbləğdə həmin ödənişləri ödəməkdən yayınmağa görə şəxs
cinayət nəticəsində vurulmuş ziyanın 3-5 mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3-5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
500 min AZN-dən yuxarı məbləğdəki ödənişləri ödəməkdən yayınmağa görə isə şəxs
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 4-5 mislinədək miqdarda cərimə və ya 5-7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Onu da qeyd etmək lazımdır ki, bu əməlləri törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə şəxs məsuliyyətdən azad edilir.

6) Soyuq günlərdə bəzi "işbaz"-ların əməllərinin digər şəxslərə zərər verməsinin qarşısını almaq üçün qanunvericiliyin aşağıdakı formada cərimələri də mövcuddur.
Ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışına görə fiziki şəxslər 800-1000 AZN-dək məbləğdə, vəzifəli şəxslər 3-5 min AZN-dək məbləğdə cərimə edilir.

7) Havaların soyuması, küçələrin su və palçıqlı olması piyadaların üzərinə qəsdən su və palçıq sıçradılmasına gətirməsin deyə avtonəqliyyat vasitəsi sahibləri üçün aşağıdakı kimi cərimə nəzərdə tutulmuşdur.
- şəxs 40 AZN məbləğində cərimə edilir.


8) Oğurluğun azı-çoxu olmaz deyərək talama ilə əlaqədar cəzaları diqqətinizə çatdırırıq.
- Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə şəxs (500 AZN-dən aşağı oğurluq halında)
160-240 saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir.
Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama (500 AZN-dən 5 min AZN-dək oğurluq halında)
360-480 saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
xeyli miqdarda ziyan vurmaqla törədildikdə (5 min AZN-dən 50 min AZN-dək oğurluq halında)
1-3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2-5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
külli miqdarda ziyan vurmaqla törədildikdə (50 min AZN-dən 500 min AZN-dək oğurluq halında)
5-10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə (500 min AZN-dən yuxarı oğurluq halında)
10-14 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


9) Bəzi bölgələrdə bir vaxtlar əkin torpağının yandırılması üsulundan istifadə edilirdisə, artıq bu əməlin inzibati xəta olması məlum olduğunu bilməyənlər üçün demək mümkündür ki, əkin yerinin yandırılmasına görə
- fiziki şəxslər 400-600 manatadək məbləğdə, vəzifəli şəxslər 1500-2000 manatadək məbləğdə, hüquqi şəxslər isə 5000-6000 manatadək məbləğdə cərimə edilir.

10) Bəzən eşidirik ki, işçini ona aid olmayan işə cəlb ediblər. Bu halda hansı cəzaların nəzərdə tutulduğunu bilmək yerinə düşərdi. Qanunvericiliyə görə əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə şəxs
1000-2000 manatadək məbləğdə cərimə edilir.

11) Uşaqların idmanla məşğul olması halı hər zaman sevindiricidir. Buna baxmayaraq bəzi hallarda idmana uşağın cəlb edilməsindən əvvəl onların rəsmi tibbi icazə sənədinin olmasının zəruri olduğu yaddan çıxarılmamalıdır.
Əks halda qanunvericiliyə görə məktəbdənkənar təhsil müəssisələri və bədən tərbiyəsi-idman təşkilatları tərəfindən uşaq və gənclərin qanunvericiliyə uyğun olaraq verilmiş rəsmi tibbi icazə sənədləri olmadan bədən tərbiyəsi və idmanla məşğul olmağa cəlb edilməsinə və ya idman yarışlarına buraxılmasına görə
vəzifəli şəxslər 100-200 manatadək məbləğdə cərimə edilir.

Davamını izləmək üçün blog.a email adresinizlə abunə ola bilərsiniz.