Ötən həftənin icmalı (03.09.2018-07.09.2018)


Hər həftə olduğu kimi bu həftə də ötən həftə baş verənləri ətraflı izah etməyə çalışacağıq.
Ötən həftənin baş verənlər aşağıdakı kimidir:
əhaliyə göstərilən xidmətlərin vahid platforma üzərindən elektron formada təqdim edilməsi məqsədi ilə e-sosial internet saytının qurulması barədə ölkə başçısı fərman verdi. Həmin fərmana əsasən "Mərkəzləşdirilmiş elektrin informasiya sistemi"-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemləri əsasında qurulması da müəyyən edildi.
Qeyd edək ki, bu sistem və sayt məşğulluq tədbirləri və pensiya təyinatı ilə bağlı elektronlaşdırma çərçivəsində həyata keçirilir.
- Ötən həftənin ən mühüm yeniliklərindən biri də "Hesablama Palatası haqqında" qanunun qüvvəyə minməsi oldu. Yeni qanun Hesablama Palatasının iş prinsipini, vəzifələrini, funksiyalarını, idarəetmə qaydasını və digər mühüm fəaliyyət istiqamətlərini müəyyən etdi. Qanuna əsasən müvafiq palata daimi fəaliyyət göstərən kənar dövlət maliyyə nəzarətini həyata keçirən ali audit orqanı statusu əldə etdi.
- Ötən həftə Nazirlər Kabinetinin qərarı ilə məcburi dövlət sosial sığortası üzrə ödəmələrlə bağlı əsasnamədə edilmiş əlavəyə görə ilin sonuna Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən vəsaitlərin istifadə olunmayan hissəsi Dövlət Sosial Müdafiə Fondunun xəzinə hesabına qaytarılacaq. Qeyd edək ki, bu tədbir sosial sığorta haqlarının toplanmasında mühüm əhəmiyyətli tədbir hesab edilir.
- Ötən həftə təzə və ya soyudulmuş kartofun 0701 90 900 0 növü üzrə idxal gömrük rüsumunun tarif dərəcəsi 15 dollar da artaraq 30 dollara çatdı. Əvvəl bu dərəcə 15 dollar olaraq hesablanırdı.
- Ötən həftənin digər maraqlı yeniliklərindən biri də Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilənədək, onun əməkdaşlarının malik olduqları xidmət illərinin həmin şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması zamanı nəzərə alınması oldu.
Yeni həftənin icmalını yeni statusda görmək üçün bizi izləməkdə davam edin.