Mühasiblərin asan olmayan işi çətinləşdi
"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası qanununa dəyişiklikləri ehtiva edən yeni 01.06.2018-ci il tarixli qanunla işi heç də asan olmayan mühasiblərin indi də peşəkar mühasib adı qazanmaq üçün mübarizə aparmaları lazım olacaq.
Yeni dəyişikliklər sırasında nəzərə çarpacaq olanları diqqətinizə çatdırırıq.
- büdcədənkənar dövlət fondları tərəfindən onların səlahiyyətləri daxilində işlənib hazırlanmış mühasibat uçotu ilə əlaqədar bütün normativ hüquqi aktlar, habelə, tövsiyə xarakteri daşıyan sənədlərin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılaraq, təsdiq edildikdən sonra tətbiq edilə bilməsi ləğv edildi.
- yeni dəyişikliklərə əsasən qanunda göstərilən istisnalardan başqa yalnız icra hakimiyyəti orqanları tərəfindən onların səlahiyyətləri daxilində işlənib hazırlanmış mühasibat uçotu ilə əlaqədar bütün normativ hüquqi aktlar müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılaraq təsdiq edildikdən sonra tətbiq edilə biləcək.- Qanunda verilmiş əvvəlki anlayışlar yeni redaksiyada verildi.- Qanuna mühasibat uçotu sənədi, ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, analitik uçot, analitik uçot registrləri, sintetik uçot, baş mühasib, peşəkar mühasib, uçot siyasəti kimi yeni anlayışlar əlavə edilmişdir.- peşəkar mühasib anlayışına görə bu şəxs Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahandan keçərək müvafiq sertifikatı almış, yaxud peşəkar mühasib təşkilatının üzvü olan şəxsdir.
- peşəkar mühasib təşkilatı anlayışına görə bu təşkilat üzvləri peşəkar mühasiblərdən ibarət olan və Maliyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuş qeyri-kommersiya təşkilatıdır.
- Yeni dəyişikliklər mühasiblərin hüquqşünaslar kimi fəaliyyətlərinin yuxarı dərəcəsini (peşəkar mühasib) müəyyən etdi və bununla yanaşı peşəkar mühasib təşkilatı adlı yeni qurumun fəaliyyətini rəsmiləşdi. Anlayışlardan da aydın olduğu kimi bu qurum qeyri-kommersiya təşkilatı olmalı və Maliyyə Nazirliyi tərəfindən akkreditasiya olunmalıdır.
- Yeni dəyişikliklərə əsasən qanunun 3-cü maddəsinə yeni əlavələr edildi.
- Yeni dəyişikliklərə əsasən artıq mühasibat uçotu subyektinin rəhbəri ya strukturda müvafiq bölmə vasitəsilə ya da müqavilə əsasında sahibkarlıq subyekti cəlb edərək mühasibat uçotu xidmətini təşkil edə biləcək.
- Mikro və kiçik sahibkarlıq subyektləri, o cümlədən fərdi sahibkarlar təsdiqlənəcək qaydalara əsasən özləri mühasibat uçotunu apara biləcək.
- Dəyişikliklərə əsasən baş mühasibin vəzifələri konkretləşdirilmiş, hesabatların tərtib edilməsi ilə yanaşı mühasibat uçotu sənədlərinin saxlanmasının təmini də onun səlahiyyətlərinə aid edilmişdir.
Hansı müəssisələrdə peşəkar mühasiblərə ehtiyac yaranacaq?
- Dəyişikliklərə əsasən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, (qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna) digər ictimai əhəmiyyətli qurumların (banklar, kredit təşkilatları, sığorta təşkilatları, investisiya fondları və digər), iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri peşəkar mühasiblər olmalıdırlar.
- Bu dəyişikliklər daha yüksək vəzifə tutmaq istəyən mühasiblərin əslində yolunu açır, həmçinin iri sahibkarlıq subyektlərinin səlahiyyətli şəxsi olan baş mühasib üçün peşəkarlıq tələbi qoyur.
- Dəyişikliklərə görə əgər sahibkarlıq subyekti müqavilə əsasında mühasibat uçotu xidməti ilə əməkdaşlıq edirsə, bu halda həmin xidməti göstərən hüquqi şəxsin ən azı 2 əməkdaşı, əgər xidməti göstərən hüquqi şəxs deyil fiziki şəxsdirsə, onun özü peşəkar mühasib olmazsa, sahibkarlıq subyekti azı bir peşəkar mühasiblə əmək müqaviləsi bağlamalı olacaq. Bu isə mühasiblər arasında qızğın rəqabətə səbəb olacaqdır.
- Dəyişikliklərə görə Maliyyə Nazirliyi mühasibat uçotu ilə əlaqədar beynəlxalq standartların Azərbaycan dilinə tərcümə edilməsini və bu tərcümə edilmiş mətnlərin rəsmi sənəd kimi dərcini həyata keçirəcək. Bu dəyişiklik mühasiblərin işini asanlaşdırmaqla, mühasibat uçotu ilə maraqlı olan hər kəsin beynəlxalq standartları öyrənməsinə imkan verəcək.
- Dəyişikliklərə əsasən peşəkar mühasiblərin Maliyyə Nazirliyi tərəfindən reyestri tərtib ediləcək.
- Maliyyə Nazirliyinin kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması qaydalarını hazırlamaq və təsdiq etmək səlahiyyəti ləğv edildi.
- Qanunda həyata keçirilən yeniliklərdən biri də sahibkarlıq subyektlərinin seçimlərinə əsasən növbəti ilin maliyyə hesabatlarını beynəlxalq standartlara uyğun tərtib etmək qərarını uçot siyasətində əks etdirməklə 31 dekabr tarixinədək qəbul edə bilməsidir.
- Dəyişikliklərə əsasən sahibkarlıq subyektləri maliyyə hesabatlarını ya onlar üçün müəyyən edilmiş uçot qaydalarına ya da beynəlxalq standartlar uyğun tərtib etmək hüququ əldə edəcək. Ümumilikdə isə orta sahibkarlıq subyektlərinin maliyyə hesabatlarını tərtib etməsi məcburi olaraq qeyd edilir.
- Yeniliklərdən biri isə ondan ibarətdir ki, 12.3-cü maddəyə görə artıq ictimai əhəmiyyətli qurumların müstəqil auditor rəyi ilə birlikdə illik və birləşdirilmiş maliyyə hesabatlarını mətbu orqanda dərc etdirməsi tələbi ləğv edilir. Həmçinin bu qurumlar törəmə cəmiyyət olduqda və əsas cəmiyyət maliyyə hesabatını internet səhifəsində dərc etdirdikdə, törəmə qurumun maliyyə hesabatlarını dərc etdirməmək hüququ əldə edir.
- Yeni dəyişikliklərə görə kommersiya təşkilatlarının vergi hesabatları onların qanunda nəzərdə tutulan maliyyə hesabatlarını əvəz etmir.
- 12.3-cü maddədə göstərilən maliyyə hesabatlarını auditor rəyi ilə birgə dərc etməli olan müəssisələrin siyahısı Vergilər Nazirliyi tərəfindən digərinə hesabat ilindən sonrakı ilin 31 martınadək Maliyyə Nazirliyinə təqdim ediləcəkdir.
Qanuna edilən dəyişikliklərə əsasən qeyri-kommersiya təşkilatları və büdcədənkənar dövlət fondları illik maliyyə hesabatlarını növbəti ilin 30 aprelindən, birləşdirilmiş maliyyə hesabatlarını isə iyun ayının 30-dan gec olmayaraq təsisçiyə, habelə qanunla (nizamnamə ilə) müəyyən edilmiş şəxslərə təqdim etməlidir.
- Peşəkar mühasib sertifikatı 5 il müddətinə qüvvədə olacaq.
- 5 ilin bitməsinin son ilində şəxs yenidən sertifikat almaq üçün müraciət etməli, imtahan verməlidir.
- Peşəkar mühasib sertifikatı alan şəxs əlavə 2 sertifikat aldıqdan sonra ona verilmiş son sertifikat ömürlük hesab ediləcək.
Yekunda isə qeyd edək ki, dəyişikliklərə əsasən bu qanuna uyğun mühasibat uçotunun aparılmamasına görə mühasibat uçotu subyektinin rəhbəri, baş mühasib yaxud mühasibat uçotu xidməti həyata keçirən hüquqi şəxsin rəhbəri və ya fiziki şəxs, həmçinin peşəkar mühasibin mütləq olması zəruri olan müəssisə rəhbəri İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyacaqdır.
Blogu izləyin və abunə olun ki, bütün yeniliklərin geniş və ətraflı izahından yalnız sizlər xəbərdar olasınız.
(C) Məqalə müəllifi olan hüquqşünas Şəhriyar Həbilovun adının və blogun linkinin istinadı mütləqdir.
#hüquqşünas, #hüquq, #hr, #əmək_hüququ, #qanunvericilik
#hüquqşünas, #hüquq, #hr, #əmək_hüququ, #qanunvericilik