Ezamiyyə xərclərinin normaları barədə
01 iyul 2018-ci il tarixdən etibarən qüvvəyə minəcək ezamiyyət xərclərinin yeni məbləği barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90 manat (65 AZN-dən), Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70 manat (50 AZN-dən), respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65 manat (45 AZN-dən) müəyyən edilib.
Yeni dəyişikliklərə görə daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün verilən əlavə vəsaitin məbləği 15 AZN (10 AZN-dən) müəyyən edilib.
Mövzu ilə əlaqədar bildirək ki, bu məbləğlər tək dövlət qurumlarında tətbiq edilmir.
Belə ki, Nazirlər Kabinetinin müvafiq xərclərlə bağlı normaları "İşçilərin ezamiyyə qaydaları" haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18.01.2012-ci il tarixli qərarının II bəndinin 2-ci hissəsinə əsasən bütün idarə, müəssisə və təşkilatlar üzrə eyni məbləğdədir.
Mövzu ilə əlaqədar olaraq əlavə məlumat qismində xatırladaq ki, hamilə və 3 yaşınadək uşağı olan qadınların ezamiyyətə göndərilməsi qadağandır, 3 yaşından 14 yaşınadək uşağı olan qadınların ezamiyyətə göndərilməsi yazılı razığı əsasında mümkündür və ezamiyyət müddəti orta əmək haqqının saxlandığı müddət hesab edilir.