Hərbi vəziyyət rejimi ilə bağlı yeni dəyişikliklər
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklər ediməsini nəzərdə tutan müvafiq dəyişikliklərə əsasən bir sıra yeni məsuliyyət tədbirləri müəyyən edilmişdir.
Mövzuya keçməzdən əvvəl qeyd edə bilərik ki, "Hərbi vəziyyət haqqında" Azərbaycan Respublikası qanununa əsasən hərbi vəziyyət yalnız aşağıdakı hallarda tətbiq edilir.
- Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktiki işğal edildikdə;
- xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına müharibə elan etdikdə;
- Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandıqda;
- Azərbaycan Respublikasının ərazisi blokadaya alındıqda, habelə belə blokada üçün real təhlükə olduqda.
Qanuna görə hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı Azərbaycan Respublikasının Milli Məclisinə daxil olduqdan sonra 48 saat müddətində növbəti və növbədənkənar sessiyalar dövrünün olub-olmamasından asılı olmayaraq Azərbaycan Respublikası Milli Məclisinin iclası keçirilir, iclasda fərmanın təsdiqi məsələsinə növbədənkənar baxılır və deputatların 63 səs çoxluğu ilə müvafiq qərar qəbul edilir. Hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildikdə qüvvəyə minir və bu barədə əhaliyə dərhal məlumat verilir.
Qanuna əsasən nəzərdə tutulan hallarda qismən və müvəqqəti məhdudlaşdırılan hüquq və azadlıqlar istisna olmaqla, hərbi vəziyyət dövründə fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunları ilə müəyyən edilmiş bütün hüquq və azadlıqlardan istifadə edir. Qanuna əsasən müdafiə ehtiyaclarının yerinə yetirilməsini təmin etmək məqsədi ilə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların güc və əmək ehtiyatlarının (resurslarının) səfərbər olunması, səfərbərlik planlarına (tapşırıqlarına) uyğun olaraq onların istehsalat fəaliyyətinin növünün və ya iş rejiminin dəyişdirilməsi (o cümlədən işçilərin iş vaxtından artıq vaxtda işə cəlb olunması, əmək məzuniyyətindən istifadə edilməməsi və ya məzuniyyətin başqa vaxta keçirilməsi), bağlanılmış müqavilələr əsasında hərbi və mühüm mülki məhsulların istehsalına yönəldilməsi halında müdafiə ehtiyacları üçün səfərbər olunmuş mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların işçilərinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq əməkhaqqı və istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya ödənilir.
Yeni dəyişiklikləri nəzərdə tutan qanuna əsasən İnzibati Xətalar Məcəlləsi üzrə aşağıda göstərilən hallarda müvafiq qaydada məsuliyyətə cəlb edilmək mümkündür.
- üsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə (хəbərdarlıq və ya 50 AZN cərimə)Xatırladaq ki, komendant saatı - hərbi vəziyyət dövründə ictimai qayda və ictimai təhlükəsizliyin təmin edilməsi, düşmənin kəşfiyyat, təxribat və digər pozuculuq fəaliyyətinin qarşısının alınması məqsədi ilə xüsusi icazə vərəqələri və şəxsiyyəti təsdiq edən sənədlər olmadan yaşayış yerindən, yaxud iş yerindən kənarda olmanın (hərəkət etmənin) qadağan edildiyi günün müəyyən edilmiş vaxtıdır.
- Gündəlik tələbat mallarının, o cümlədən ərzaq və sənaye məhsullarının əldə olunmasına (satışına) tətbiq edilmiş xüsusi qaydaların pozulmasına görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar otuz manatdan altmış manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
- Hərbi vəziyyətin elan olunduğu ərazidə (ərazilərdə) tətbiq edilmiş xüsusi giriş-çıxış rejiminin, habelə yaşayış və ya olduğu yeri seçmək hüququna qoyulmuş məhdudiyyətin pozulmasına görə -
yüz manat məbləğində cərimə edilir.
- Şəxslərin xüsusi icazə vərəqələrinin və şəxsiyyətini təsdiq edən sənədlərinin yoxlanılmasına, qanunda nəzərdə tutulmuş əsaslarla onların şəxsi əşyalarına, mənzillərinə və nəqliyyat vasitələrinə baxış keçirilməsinə maneçilik törədilməsinə görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində cərimə edilir.
- Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan Respublikasından getməsi üçün tətbiq edilmiş xüsusi qaydaların pozulmasına görə yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
- Hərbi vəziyyətin elan olunduğu ərazidə (ərazilərdə) tətbiq edilmiş kütləvi informasiya vasitələrinin xüsusi fəaliyyət rejiminə əməl edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.