Əmək haqqından tutulmaların təyinatları


Əvvəlki yazılarımızda işçinin aylıq əmək haqqından aparılan tutulmalar barədə yazaraq həmişəki kimi maarifləndirməyə çalışdıq. Bu yazımızda isə həmin tutulmaların işçiyə faydaları və tutulmaların təyinatı barədə məlumat verməyə çalışacağıq.
Mövzuya başlamazdan əvvəl hansı tutulmaların olması barədə qısa xatırlatma etmək istərdik.
Hazırki qanunvericiliyə görə işçinin əmək haqqından aşağıda göstərilən tutulmalar həyata keçirilir.
1) Gəlir vergisi
2) Sosial sığorta haqqı
3) İşsizlikdən sığorta haqqı
4) Tibbi sığorta haqqı
5) Bəzi müəssisələrdə həmkarlar ittifaqına ödənilən tutulmalar
Tutulmaların faydaları və ya təyinatı aşağıdakı kimi müəyyən edilmişdir:
- Gəlir vergisi. Vergi ümumilikdə dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatıdır ki, dövlət büdcəsi də sırf bu kimi təminatlar hesabına formalaşır. Hər bir şəxsin əmək haqqından tutulan gəlir vergisi həm Konstitusiya ilə müəyyən edilmiş vəzifə, həm də vətəndaşlıq borcu kimi çıxış edir.
- Sosial sığorta haqqı. Həm işçidən, həm də işəgötürəndən tutulan sosial sığorta haqqı fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itkilərinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Sosial sığorta haqları bir qayda olaraq işçinin əmək qabiliyyətini itirdiyi dövrdə (xəstəlik, əlillik, hamiləlik, pensiya və s) itkilərinin kompensasiya edilməsinə yönəldilir. Onu da qeyd edək ki, sosial sığorta haqları pensiya sisteminin də təminatı kimi çıxış etdiyi üçün işçinin əmək pensiyası yaşına çatdıqda və pensiya hüququ qazandığı vaxt alacağı pensiyanın formalaşmasına təsir edən amil kimi çıxış edir. Eyni zamanda sosial sığorta haqları müavinətlərin ödənilməsinə də yönəldilir.
- İşsizlikdən sığorta haqqı. Bu sığorta növünün təyinatı üzrə işçi ixtisar, müəssisə ləğvi və ya müqavilənin müddətinin bitməsi ilə əlaqədar işdən azad edildikdə onun maliyyə itkilərinin müəyyən hissədə kompensasiya edilməsi məqsədilə tətbiq edilir.
- Tibbi sığorta haqqı. Tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi olmaqla, sağlamlığa dəymiş zərərin tibbi xidmətlər zərfində göstərilmiş həcmə uyğun olaraq aradan qaldırılması məqsədilə tətbiq edilir. Xatırladaq ki, 2021-ci ilin aprel ayının 1-i tarixindən başlayaraq bütün ölkə ərazisində tibbi xidmətlərin icrası təmin ediləcəkdir.
5) Həmkarlar ittifaqına tutulmalar. Həmkarlar ittifaqları işçilər arasında fərq qoyulmadan və işəgötürənə tabeçiliyi olmadan yaradılan işçilərin birliyidir. Əsas təyinatı işçilərin təminatlarının yaxşılaşdırılması, işçi hüquqlarının müdafiəsi olduğu kimi, bu birlik kollektiv müqavilələr bağlanarkən işçiləri təmsil edir və onlar üçün faydalı təklifləri işəgötürənlərlə müzakirə edir.