Fayda verən yığım sığortası
Əmək haqqından tutulmaların sayının 4-ə çatdığı bir dövrdə işçilər üçün faydalı olacaq bir mövzu barədə məlumat verəcəyik. Belə ki, gəlir vergisi və sosial sığorta haqqından sonra işsizlikdən sığorta haqqı və tibbi sığorta haqqı da əmək haqqından tutulmalara qoşulduqdan sonra kommunal ödənişlərdə və müvafiq qiymətlərdə artım işçinin gəlirliyini azaldan əsaslar kimi çıxış etməkdədir.
Buna görə də qanunvericilik yığım sığortası vasitəsilə işçinin əmək haqqından tutulmaların bir hissəsinin azaldılmasına köməklik göstərir.
Qanunvericiliyə görə
1) 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər gəlir vergisindən azaddır.
2) ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə sığortaedənin sığortaolunanın gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödənilən sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər məcburi dövlət sosial sığorta haqqından azaddır.
Göründüyü kimi işçi əmək haqqından gəlir vergisinə və sosial sığortaya yönəldilən hissənin 50 faizinədək həcmdə yığım sığortasına yönəldə və 3 ildən sonra toplanan vəsaiti heç bir vergi və sosial sığorta haqqı hesablanmadan götürə bilər.
Onu da qeyd edək ki, hazırda 4 həyat sığorta şirkəti mövcuddur. Şirkətləri seçmək isə sərbəstdir. Sığortaçını seçərkən toplanan vəsaitlə bağlı təklifləri və vəsaitin toplanması dövründə zərurətləri nəzərə almaq məqsədəuyğundur.