Vergi ödəyicisinin ölkədən çıxışa məhdudiyyəti
Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 1-ci bəndinə görə qanunla müəyyən edilmiş vergi və digər dövlət ödənişlərini vaxtında və tam həcmdə ödəmək hər kəsin borcudur. Qeyd edək ki, müvafiq maddə vətəndaşların əsas vəzifələri fəslinə aid edilir.
Hər bir vətəndaş vergilər əsasında dövlət büdcəsinin formalaşmasını və müvafiq ödənişlərin başda hərbi büdcə olmaqla bir sıra sosial layihələrin icrasına yönəldiyini nəzərə alaraq sanksiya üçün deyil, sosial məsuliyyət üçün vergilərin ödənilməsində maraqlı olmalıdır.
Qanunvericiliyə görə müəyyən edilmiş müddətdə vergi öhdəliyi vergi ödəyicisi tərəfindən yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün vergi orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
Müvafiq hüququn məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır.
Qanunvericiliyə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Qeyd edək ki, fiziki və ya hüquqi şəxsin icra orqanının rəhbəri məhkəmə iclasına gəlmədikdə də (üzrlü əsas olmadan) işə onun iştirakı olmadan baxıla və qətnamə qəbul edilə bilər.
Həmçinin qətnamənin dərhal icraya yönəldilməsi şəxsin qətnamə qəbul edilən gündən ölkədən çıxmaq hüququnun məhdudlaşdırılması ilə nəticələnəcəkdir.