Hərbi əməliyyat və sığorta hadisəsi


Mövzuya keçməzdən əvvəl Azərbaycan Ordusuna can sağlığı və uğurlar arzu edirik.
Mövzu çərçivəsində hərbi əməliyyatlar nəticəsində itkiyə məruz qalmış şəxsə sığorta ödənişinin verilib-verilməməsi ilə bağlı məsələləri izah etməyə çalışacağıq.
Əvvəla qeyd edək ki, qanunvericiliyə görə müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması zamanı sığorta ödənişinin verilməsindən imtina edilir. Göründüyü kimi hərbi əməliyyatlar nəticəsində baş verən bir hadisəyə görə sığorta ödənişi verilməsi üçün ya könüllü qaydada bağlanan müqavilədə bu hala görə imtina nəzərdə tutulmamalıdır, ya da icbari sığorta növləri üzrə məsələləri tənzimləyən qanunvericilik normalarında hərbi əməliyyatlar nəticəsində dəyən zərər sığorta təminatına daxil edilməlidir.
Həmçinin qeyd edək ki, hamıya məlum olan daşınmaz əmlakın, avtonəqliyyat vasitəsi sahiblərinin və daşınmaz əmlakın istismarı ilə məşğul olan şəxslərin mülki məsuliyyətinin, sərnişinlərin fərdi qəzası üzrə icbari sığorta müqavilələrinə görə aşağıdakı halda dəyən zərərə görə sığorta ödənişi verilmir:
- hadisə və ya hal hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, nüvə partlayışı, radioaktiv çirklənmə ilə bağlı olduqda.
Xatırlatmaq yerinə düşərdi ki, icbari sığorta növləri üzrə səlahiyyətli qurumun rəyini əks etdirən sənədlər faktı təsdiq edir. Bu səbəbdən də hadisə mütləq qaydada təsdiqləndikdən sonra ödəniş yaxud imtina vermək mümkündür.
Fiziki şəxslərin avtomobilləri ilə bağlı tətbiq edilən kasko sığortası üzrə vahid qaydalara əsasən yuxarıda göstərilən hallarda dəyən zərərə görə sığorta ödənişindən imtina verilsə də, tərəflər müqavilə bağlayanda hərbi əməliyyatlar zamanı dəyən zərərə görə təminat verilməsini nəzərdə tuta bilər.
Bununla yanaşı fiziki şəxslər tərəfindən götürülən kreditlə bağlı risklər vahid qaydalara əsasən sığortalanarkən hərbi əməliyyatlarda fəal iştirak zamanı şəxsin sağlamlığına dəyən zərərə görə sığorta təminatı nəzərdə tutularsa, dəyən zərərə görə sığorta ödənişinin verilməsi mümkündür.
Yekunda isə qeyd edək ki, müvafiq sığorta ödənişləri gəlir vergisindən və məcburi dövlət sosial sığorta ödənişlərindən azaddır.