Peşə təhsili ilə əlaqədar istehsalatda təcrübə müqaviləsinin forması barədə



Bu yazımızda Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş istehsalatda təcrübə müqaviləsinin forması barədə izah verməyə çalışacağıq.
Əvvəla onu qeyd edək ki, bu forma heç də bütün müəssisələrdə bağlanan təcrübə müqavilələrinə aid edilmir. Bu forma "Peşə təhsili haqqında" qanunun tətbiqi ilə əlaqədar verilmiş fərmanın icrası zərurətindən irəli gəlir.
Adıçəkilən qanuna görə peşə təhsili müəssisəsi hüquqi şəxsdir, maliyyə-təsərrüfat fəaliyyətini bu Qanunun tələbləri nəzərə alınmaqla sərbəst həyata keçirir, banklarda hesablaşma və digər hesabları vardır.
Peşə təhsili müəssisəsi əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında müxtəlif peşələr üzrə ixtisaslı kadrların hazırlanmasını təmin edir. Onu da qeyd etmək lazımdır ki, bu müəssisələr təhsilalanların peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iş yerlərində təcrübə proqramlarının həyata keçirilməsini təmin edə bilər. Bu təcrübə proqramı isə hazırda təsdiqlənmiş üçtərəfli müqavilə ilə rəsmiləşdirilir.
Belə ki, işəgötürənin təklifi əsasında həmin müəssisə və təşkilatlarda istehsalat təlimi və təcrübəsi keçənlər təhsil müəssisəsinin iştirakı ilə üçtərəfli qaydada iş yerində təcrübə müqaviləsi bağlayır. İşəgötürənlər isə iş yerində həmin müqavilə əsasında istehsalat təlimi və təcrübəsinə cəlb olunan təhsilalanlara onların ixtisaslarına uyğun yerinə yetirdikləri iş və xidmətlərə görə minimum aylıq əməkhaqqından az olmamaq şərti ilə əməkhaqqı ödəyir.