İcbari növlər üzrə sığorta məbləğləri
Hadisə qaçınılmaz olduğu kimi hadisədən sığortalanma da qaçınılmaz olmalıdır. Bu əsasla da heç kim sığortalanmayıb ifadəsini asanlıqla dəyişmək mümkündür.
Bu yazıda bəzi icbari sığorta növləri üzrə baş verəcək hadisələr zamanı zərərçəkmiş şəxslərin ala biləcəyi sığorta məbləğlərindən bəhs edəcəyik.
- Hamıya icbari avtomobil sığortası adıyla tanış olan və əslində heç də avtomobilin deyil, avtomobili qanuni əsaslarla idarə edən şəxsin mülki məsuliyyətini, yəni başqalarına vuracağı zərəri kompensasiya edən bu sığorta növünə görə zərərçəkmişin əmlakına dəymiş zərərə maksimum 5000 manat məbləğində sığorta ödənişi verilir. Hadisə zamanı zərərçəkmişin ölümü halında isə ailə üzvlərinə 5000 manat məbləğində birdəfəlik sığorta ödənişi edilir.
- Bakı şəhərində 25000, Gəncə, Sumqayıt və Naxçıvanda 20000, digər ərazidə yerləşən yaşayış evi və mənzillərə görə 15000 manat məbləğində maksimum sığorta ödənişi nəzərdə tutan daşınmaz əmlakın icbari sığortası növü üzrə qeyri-yaşayış sahələri əmlakın real bazar dəyəri nəzərə alınmaqla sığortalanır. Bu halda isə müqavilə üzrə müəyyən edilmiş məbləğdə zərərçəkmişə sığorta ödənişi verilir.
- Hüquqi şəxslərin öz fəaliyyətini, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sahibkarlıq fəaliyyətini həyata keçirməsi üçün istismar etdiyi daşınmaz əmlak olan binalar, tikililər, qurğular, sahələrin ərazisində təmir, yenidənqurma və digər işlərin aparılması zamanı başqalarının əmlakı və sağlamlığına dəymiş zərərin əvəzinin ödənilməsi daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin sığortası halında mümkündür. Bu halda 1 nəfərin ölümünə görə 5000 manat, əmlaka dəyən zərərə görə isə 50 000 manat məbləğində maksimal sığorta ödənişi verilməsi nəzərdə tutulur.
- Hərbi qulluqçuların icbari şəxsi sığortası üzrə ölüm halında 11 min manat məbləğində sığorta ödənişi verilməsi nəzərdə tutulub.
- Hüquq-mühafizə orqanı işçilərinin icbari sığortası üzrə isə şəxsin 5 illik əmək haqqı məbləğində vərəsələrinə sığorta ödənişi ölüm halında verilir.
- Auditorun peşə məsuliyyətinin icbari sığortası üzrə maksimum məbləğ tərəflər arasında imzalanacaq müqavilə ilə müəyyən olunsa da, qanunvericilik fiziki şəxs auditora görə minimal olaraq 1000 manat, hüquqi şəxs auditora görə isə 3000 manat məbləğində sığorta ödənişi məbləğinin müəyyən edilməsini əsas tutmuşdur.
- Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinin başçısı on bir min manat, digər diplomatik vəzifə tutan şəxslər altı min altı yüz manat, inzibati-texniki xidməti həyata keçirən şəxslər isə dörd min dörd yüz manat həcmində sığorta edilirlər.
Xatırladaq ki, sığorta ödənişləri hər bir halda yalnız nağdsız qaydada həyata keçirilir.