İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslər hansılardır? Onlara müraciət necə tənzimlənir?


Ali hüquqi sənəd sayılan Azərbaycan Respublikası Konstitusiyasının 57.1-ci maddəsinə görə vətəndaşlar dövlət orqanlarına şəxsən müraciət etmək və yazılı müraciət göndərmək hüququna malikdir. Hər bir müraciətə qanunla müəyyən edilmiş müddətdə və qaydada yazılı cavab verilməlidir. Konstitusiyanın 57.2-ci maddəsinə görə isə vətəndaşlar müraciət etdiyi qurumun fəaliyyətini və ya işini tənqid etmək hüququna malikdir və tənqidə görə təqib qadağandır.
Konstitusiyada yalnız dövlət orqanlarına müraciətlə bağlı müddəalar göstərilsə də, Konstitusiyadan irəli gələrək qəbul edilmiş "Vətəndaş müraciətləri haqqında" Qanunla həmçinin ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərə müraciətlərin də dövlət orqanlarına edilən müraciətlər kimi tənzimlənməsi müəyyən edilmişdir. Belə ki, hər iki quruma ünvanlanan vətəndaş müraciəti qanunun tələbi üzrə tənzimlənməlidir. 
Qeyd: müraciətlərin tənzimlənməsi barədə ətraflı yazını blog.da tapmaq mümkündür.
Bəs Qanunla bəhs edilən ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslər hansılardır?
Qanunun 5.8-ci maddəsindən irəli gələrək Nazirlər Kabinetinin təsdiqlədiyi siyahıya görə bu hüquqi şəxslərə aiddir:
1. Publik hüquqi şəxslər.
2. İctimai birliklər və fondlar.
3. Dini qurumlar.
4. Kredit təşkilatları.
5. Sığorta şirkətləri.
6. İnvestisiya fondları və bu fondların idarəçiləri.
7. Qeyri-dövlət (özəl) sosial fondlar.
8. Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər.
9. Qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər.
10. Kütləvi informasiya vasitələri ilə məhsullarının istehsalını və (və ya) yayılmasını həyata keçirən hüquqi şəxslər.
11. Telekommunikasiya xidməti göstərən müəssisələr.
12. Poçt müəssisələri.
13. Müntəzəm sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat müəssisələri.
14. Kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəriciləri”nə cavab verən hüquqi şəxslər (2, 4-9-da göstərilən şəxslərdən başqa).
Göründüyü kimi həqiqətən də bu hüquqi şəxslər ictimai əhəmiyyətli funksiyaları yerinə yetirirlər. Bu səbəbdən də həmin hüquqi şəxslərə edilən vətəndaş müraciətləri mütləq qaydada mövcud qanunvericiliyin tələbləri əsas tutulmaqla tənzimlənməlidir.