Dövlət rüsumunu ödəməyə bilərik?
Bu yazı ilə dövlət rüsumu barədə məlumat verməklə yanaşı hansı hallarda rüsumu ödəməkdən azad olduğumuzu izah etməyə çalışacağıq.
"Dövlət rüsumu haqqında" qanunun mənasına əsasən dövlət rüsumu dövlət orqanlarının göstərdiyi xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən xidmət haqqıdır. Dövlət rüsumu bir çox hallarda tətbiq edilir ki, bunlara biz lisenziya, icazə, sertifikat verilməsindən, qeydiyyata alma, sənəd verilməsi və notariat hərəkətlərinin aparılmasına kimi halları misal göstərə bilərik.
Dövlət rüsumu milli valyutada ödənilir və ödəmədən sonra ödənişi təsdiq edən sənəd təqdim edilir. Onu da qeyd edək ki, bir sıra hallarda ödənilmiş dövlət rüsumu geri qaytarıla bilər.
Bunlara aiddir:
- artıq ödənilmə hissəsində rüsumun qaytarılması
- ərizə baxılmamış saxlandıqda, qaytarıldıqda (bu hallara məhkəmə işlərində daha çox rast gəlinir)
- notariat hərəkətləri icrasından imtina edildikdə
- məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə rüsumun qaytarılması.
Düzgün tutulmayan və ya artıq ödənilən rüsum barədə 5 il ərzində rüsumu tutan quruma iddia vermək mümkündür. Qeyd edək rüsum 45 gün müddətində verilir.
Qanuna görə bir sıra hallarda aşağıda göstərilən şəxslər rüsum ödəməkdən azaddır.
- əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı iddiaçılar. Daha dəqiq desək işçinin əməyi düzgün ödənilmir yaxud işçi işəgötürənə qarşı əmək fəaliyyətindəki qanun pozuntusu ilə bağlı məhkəmədə iddia qaldırırsa, rüsum ödəməkdən azaddır.
- boşanma işləri yaxud boşanmadan da ər-arvada qarşı aliment iddiası qaldırıldıqda, bu iddialara görə rüsum tutulmur.
- şikəstlik, səhhətə vurulan zərər, ailəni dolandıranın ölümü ilə bağlı dəyən zərər üzrə iddia qaldırıldıqda da rüsum ödənilmir.
- müəlliflik hüququ ilə bağlı mübahisələrdə də iddiaçı rüsum ödəməkdən azaddır.
- istehlakçı hüququ pozulduqda məhkəməyə müraciət edərkən də rüsum ödəməkdən azaddır.
- cinayət, aliment işləri ilə əlaqədar sənədlər verilməsinə görə də rüsum tutulmur.
- inzibati hüquq münasibətlərindən yaranan işlərdə (bir tərəfdə dövlət qurumu çıxış edən) də rüsum tutulmur.
- öz hüquqlarının müdafiəsi ilə əlaqədar yetkinlik yaşına - 18 yaşa çatmayanlar rüsum ödəməkdən azaddır.
- məhkəmə qərardadlarından şikayətlərdə, qiyabi icraat üzrə qərarlara yenidən baxılması üzrə verilən ərizələrdə
- məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər rüsum ödəməkdən azaddır. Qeyd edək ki, məhkəmə aktlarını verməyə görə də rüsum tələb edilə bilməz.
Yekunda isə qeyd edək ki, dövlət rüsumlarının həcminə və tutulan halları ətraflı yuxarıda adıçəkilən qanunda tapmaq mümkündür.