Varislərin pensiya almaq hüququ
Azərbaycan Respublikasında əhalinin sosial təminatını nəzərdə tutan sistemlərdən biri də pensiya yığımlarıdır. Pensiyaların təyin edilmə məqsədlərindən biri də müəyyən yaş həddinə (nəzrədə tutulan yaş ölkə üzrə 65 yaş kişilər, qadınlarda hər il 6 ay artırılmaqla, yekunda 65 yaş) çatmış şəxslərin zəruri ehtiyaclarının təmin edilməsindən ibarətdir. Ölkədə 3 növ - yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyin edilir. Bu yazımızda ailə başçısını itirməyə görə təqdim edilən pensiya hüququndan bəhs etməyə çalışacağıq.
Qeyd edək ki, bu növ pensiya bir qayda olaraq yalnız sığorta hissəsindən ibarətdir. Onu da bildirək ki, ölkə üzrə əmək pensiyasının minimum məbləği 1 oktyabr 2019-cu ildən 200 manat məbləğində müəyyən edilmişdir.
Ailə başçısını itirməyə görə pensiya bu şəxslərə verilir:
1) şəxsin övladları
- 18 yaşına çatmayıbsa,
- 18 yaşadək sağlamlıq imkanları məhdudluğu müəyyən edilib və 18 yaşdan sonra əlilliyi olubsa,
- ən çoxu 23 yaşınadək əyani qaydada təhsil müəssisəsində təhsil alırsa
2) Şəxsin valideynləri və həyat yoldaşı yaşa görə əmək pensiyası yaşına çatıbsa və ya 1 yaxu 2-ci dərəcə əlilliyi varsa,
3) şəxsin işləməyən valideyni, həyat yoldaşı, nənə-babası, qardaş-bacısından hər hansı biri vəfat etmiş şəxsin 8 yaşınadək olan övladına, qardaş-bacısına və ya nəvəsinə baxırsa
4) Ögey ata-ana vəfat etmiş şəxsi azı 5 il saxlayıb və tərbiyə edibsə, doğma valideynlərlə bərabər hüquqlu olur.
5) Ögey övlad doğma övladlarla bərabər hüquqlu olur.
6) Övladlığa götürənlər doğma valideynlərlə, övladlığa götürülənlər isə doğma övladlarla bərabər hüquqlu olur.
Ailə başçısını itirməyə görə pensiya azı 5 il və əmək qabiliyyətli yaş dövrünün (15 yaş) hər tam ili üzrə 4 ay sığorta stajı (sosial sığorta haqqı ödəmişdirsə) olduqda, təyin edilir. Daha aydın desək şəxs 50 yaşında vəfat edibsə, onun:
(50-15)×4 ay=35×4ay= 140 ay = 11 il 8 ay sığorta stajı olmalıdır.
Hərbi qulluqçular və müharibə ilə bağlı 1-ci dərəcə əlilliyi olan şəxslər (rütbədən məhrum olan və ya digər müddətli hərbi qulluqçular istisna) hərbi xidmət dövründə və ya hərbi xidmətdən buraxıldıqdan sonra hərbi xidmət dövründə alınmış xəsarət (kontuziya, travma, yaralanma) və xəstəlik nəticəsində vəfat edibsə, ailə başçısını itirməyə görə pensiya onların xidmət müddətindən asılı olmayaraq təyin edilir.
Hərbi əməliyyatlar zamanı itkin düşənlər cəbhədə həlak olanlarla eyni statuslu sayılır.
Yekunda onu da qeyd edək ki, ailə başçısının fərdi hesabının yığım hissəsində toplanmış vəsaitləri onun varisləri almaq hüququna malikdir. Vəfat etmiş şəxsin varisi olmadıqda, bu vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin büdcəsinə daxil olur.