Məhkəmə sistemi. Kommersiya Məhkəmələri
Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsini III hissəsinə görə dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsinə prinsipi əsasında təşkil edilir və məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.
Konstitusiyanın 7-ci fəsli (Maddə 125-133) birbaşa olaraq məhkəmə hakimiyyəti ilə bağlı məsələləri tənzimləyir. Onu da qeyd edək ki, Konstitusiyanın 125-ci maddəsinin 1-ci hissəsinə görə məhkəmə hakimiyyətini Azərbaycan Respublikasında ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirir.
Bu yazımızda məhkəmə hakimiyyətinin bir parçası qismində yeni yaradılan kommersiya məhkəmələri barədə məlumat verməyə çalışacağıq.
Xatırlatmaq yerinə düşərdi ki, 09.07.2019-cu il tarixli "Məhkəmələr və hakimlər haqqında" Qanunda dəyişikliklər edilməsi barədə Qanuna və Azərbaycan Respublikası Prezidentinin 19.07.2019-cu il tarixli 1325 saylı sərəncamına əsasən ölkədə kommersiya məhkəmələrinin təşkil edilməsinə başlandı.
3 pilləli məhkəmə sisteminin 1-ci pilləsi üzrə çıxış edən kommersiya məhkəmələri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar mübahisələrə (kommersiya mübahisələri də demək mümkündür) mülki məhkəmə icraatı qaydasında baxır. Kommersiya məhkəmələrində icraatın aparılması "elektron məhkəmə" informasiya sistemi vasitəsilə mümkündür. Bu sistem vasitəsilə icraatın başlanması üçün sənədlərin digər iştirakçılara və məhkəməyə göndərilməsi mümkündür.
Kommersiya məhkəmələrində işə tək hakim tərəfindən baxılır.
Aşağıdakı icraatlar üzrə işlərə kommersiya məhkəmələrində baxılır:
- Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat
Sahibkarlıq fəaliyyətinə aid olduğu halda
- İtirilmiş sənədlər üzrə onları təqdim edən şəxsin hüquqlarının bərpa edilməsi (çağırış icraatı)
- Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
- qanunla səlahiyyətlərinə aid edilən digər işlər
Mövzu çərçivəsində qeyd edək ki, hazırda 6 kommersiya məhkəməsi mövcuddur. Bu məhkəmələr aşağıdakı ərazilərdə fəaliyyət göstərir və yurisdiksiyası üzrə ətraf ərazilərin kommersiya mübahisələrinə də baxır.
- Bakı
- Gəncə
- Şəki
- Şirvan
- Sumqayıt
- Naxçıvan Muxtar Respublikası