Əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı müavinət hesablanması
Mövzuya başlamazdan əvvəl qeyd edək ki, əmək qabiliyyətini müvəqqəti itirən şəxslər 6 ay sosial sığorta stajı (sosial sığorta haqqını ödədikdə bu staj yaranır) olduqda əmək qabiliyyətini itirməsi ilə əlaqədar müavinət ala bilər.
Əmək qabiliyyətini itirən işçiyə ilk 14 gün üçün müavinəti işəgötürənin, qalan günləri isə sosial sığorta hesabına ödənilir.
Onu da qeyd edək ki, bu müavinət xəstəlik vərəqəsi olmadan ödənilmir. Vərəqə itərsə, dublikatı əsasında ödənilə bilər.
İş ili üzrə müəyyən olunmuş növbəti əsas və ya əlavə məzuniyyət zamanı işçi xəstəlik və ya zədə nəticəsində əmək qabiliyyətini müvəqqəti itirərsə, iş günlərinə düşən xəstəlik ya zədə üçün ona müavinət ödəniləcək.
Müavinət işçinin qazancına (əmək haqqı, əlavələr, mükafatlar) əsasən hesablanır. Müavinət əmək qabiliyyətini itirdiyi aydan etibarən əvvəlki son 12 aylıq qazancı üzrə hesablanır. Bu zaman 1 iş gününə düşən orta gündəlik qazanc aşağıdakı kimi tapılır:
- əmək qabiliyyətini itirdiyi aydan etibarən son 12 ayın qazancı həmin dövrlər üzrə iş günlərinin sayına bölünür.
- son 12 ayda qazanc olmayıbsa, əmək qabiliyyətini itirdiyi aydakı minimum aylıq əmək haqqının məbləği (hazırda 250 Azn) əmək qabiliyyətinin itirildiyi aydakı iş günlərinin sayına bölünür.
- Qazanc hesablanarkən iş günlərinin sayından əmək qabiliyyətini itirdiyi günlərin sayı, hamiləlik, doğuma görə məzuniyyət dövrü, 3 yaşadək uşağa qulluq edilməsinə qədərki dövr, sosial sığorta hesabına ödənilən dövrlər çıxılır.
Müavinət məbləği sosial sığorta stajı nəzərə alınmaqla faiz dərəcələri və əmək qabiliyyətinin müvəqqəti itirilmiş iş günlərinin sayına əsasən orta gündəlik qazancın hasili ilə hesablanır.
Misal üçün: A adlı işçinin 8 ilədək sosial sığorta stajı olduqda, onun 14 günlük əmək qabiliyyətini müvəqqəti tirməsi halında orta gündəlik qazancı tapılır. Şəxs son 12 ay ərzində tam işləmişsə, orta hesabla hər təqvim ayına 21 iş günü düşür ki, bu halda onun ümumi qazancını 12×21=252ə bölüb 1 günlük orta gündəlik qazancını tapacağıq. Hesab etsək ki, şəxsin aylıq qazancı 12 aylıq 500 AZN üzrə 6000 olub, bu halda 6000i 252ə bölüb 1 günü tapacağıq. Sonra isə bu rəqəmi iş günü olan əmək qabiliyyətini müvəqqəti itirdiyi günlərə vururuq. Sonda isə onun 8 ilədək sosial sığorta stajını nəzərə alıb 60% vergi və digər tutulmalarsız məbləği müavinət məbləği kimi sayırıq.
Faiz dərəcələri barədə blog vasitəsilə axtarış verərək digər yazımızda öyrənə bilərsiniz.