Lisenziyaları necə və hansı rüsumla almaq olar?





Mülki Məcəllənin 44.2-ci maddəsinə görə kommersiya hüquqi şəxsləri qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək üçün zəruri mülki hüquqlara malik ola və mülki vəzifələr daşıya bilərlər. Siyahısı qanunvericiliklə müəyyənləşdirilən ayrı-ayrı fəaliyyət növləri ilə hüquqi şəxslər yalnız xüsusi icazə (lisenziya) əsasında məşğul ola bilərlər. Göründüyü kimi bəzi fəaliyyət növləri ilə məşğul olmaq istəyən şirkətlər mütləq həmin fəaliyyətə dair nəzərdə tutulmuş razılığı mütləq əldə etməlidir. Bu yazıda qanunvericiliklə nəzərdə tutulmuş bəzi lisenziyaların alınması ilə bağlı hüquqi prosedurlardan bəhs edəcəyik.
Mövzuya keçməzdən əvvəl xatırladaq ki, lisenziyalar yalnız onu alan şəxsə məxsus olur və digər şəxsə verilmir. Lisenziya almış şəxs tək Bakı şəhərində və ya həm Bakı şəhəri, həm də bütün ölkə ərazisində fəaliyyət göstərəcəksə, dövlət rüsumu məbləği tam ödənilir. Bəzi fəaliyyət növləri istisna olmaqla, lisenziya müddətsiz verilir. Lisenziyanın yenidən rəsmiləşdirilməsi və bərpası üçün dövlət rüsumu tutulmur.
Lisenziya verən orqan - fəaliyyət sahəsi - rüsumun məbləği
İqtisadiyyat Nazirliyi:
- özəl tibb fəaliyyəti 2250 AZN
- əczaçılıq fəaliyyəti
a) dərman vasitəsi istehsalı 2250 AZN
b) topdansatışı 20000 AZN
c) pərakəndə satışı 1000 AZN
- təhsil fəaliyyəti
a) özəl məktəbəqədər təhsil 1250 AZN
b) özəl ümumi təhsil 10000 AZN
c) peşə təhsili 2000 AZN
- sürətli poçt xidməti 1250 AZN
- möhür və ştamp hazırlanması 1100 AZN
- baytarlıq fəaliyyəti
a) preparat istehsalı 1500 AZN
b) satışı 220 AZN
Qeyd etmək lazımdır ki, İqtisadiyyat Nazirliyi tərəfindən verilən lisenziyalarla bağlı müraciət etmək üçün lisenziya.gov.az portalına daxil ola bilərsiniz.
II hissə.
Maliyyə bazarları sahəsində vahid tənzimləyici qurumum 2016-cı ildən etibarən fəaliyyəti başlanması ilə artıq bu sahədə lisenziyaların pərakəndə halda deyil, vahid sistem üzrə alınmasına şərait yarandı. Belə ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası maliyyə bazarları sahəsində tənzimlənən fəaliyyət növləri üzrə lisenziya alınması prosesini birbaşa həyata keçirir. Maliyyə bazarları sahəsində tənzimlənmənin həyata keçirilməsi baxımından aşağıdakı fəaliyyət sahələri üzrə dövlət rüsumlarını diqqətinizə çatdırırıq:
1) bank, xarici bankın yerli filialının açılması - 11 min manat
2) bank olmayan kredit təşkilatlarının açılması - 550 Manat
3) Sığorta və ya təkrarsığorta şirkətinın açılması - 11 min manat
4) Hüquqi şəxs olaraq sığorta brokeri şirkətinin açılması - 11 min manat
5) Hüquqi şəxs olaraq sığorta agenti şirkətinin açılması - 500 manat
6) Fiziki şəxs tərəfindən sığorta brokeri fəaliyyətinə lisenziya alınması - 550 manat
7) Fiziki şəxs tərəfindən sığorta agenti fəaliyyətinə lisenziya alınması - 220 manat
8) Valyuta mübadiləsi (exchange) fəaliyyətinə icazə verilməsi - 500 manat
Mövzu çərçivəsində onu da xatırladaq ki, yaxın vaxtlarda "Lombardlar haqqında" Qanunun tətbiqinə başlanacaq. Bu isə öz növbəsində bütün bu sahədə xidmət göstərən şəxslərin yenidən lisenziya alacağını deməyə əsas verir. Qeyd edək ki, qanun layihəsi özlüyündə bu fəaliyyət üzrə də lisenziyanın maliyyə bazarlarına nəzarət orqanı tərəfindən veriləcəyini istisna etmir.