2019-cu ildən əmək haqqının hesablanma qaydası
Qanunvericilik sisteminin tərkib hissəsi sayılan Vergi Məcəlləsi və "Sosial sığorta" haqqında qanun demək olar ki, işçinin əmək haqqı ilə bağlı başlıca əhəmiyyət kəsb edən normativ hüquqi aktlar sayılır. Bu səbəbdən də həmin normativ hüquqi aktlara yeni əlavə və dəyişikliklər xüsusi bir maraqla izlənilir.
Bu yazıda 2019-cu il üçün əmək haqqına tətbiqi nəzərdə tutulacaq yeni hesablama qaydasını izah etməyə çalışacağıq.
2018-ci ildə əmək haqqının hesablanma qaydasını aşağıdakı adresə daxil olaraq ətraflı oxuya bilərsiniz deyə birbaşa yeni hesablama qaydasını izah edəcəyik.
Yeni dəyişiklikləri nəzərə alaraq işçi əvvəlcə hansı kateqoriyaya aid edildiyini müəyyən etməli olacaq.
Belə ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində (bu fəaliyyət sahələri hazırda müəyyən edilmədiyi üçün yeni maddələr qüvvəyə mindiyi təqdirdə həmin sahələr də ayrıca qaydada müəyyən ediləcəkdir) işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı kimi hesablanacaqdır:
2019-cu ildən 7 il müddətinə
1) əmək haqqı (gross, müqavilədə göstərilən, tutulmalar şamil edilməmiş baza) məbləği 8000 AZN-dək olan şəxslər gəlir vergisindən azad edilir.
2) 8000 AZN-dən çox olan əmək haqqının artıq hissəsi 14% dərəcə ilə gəlir vergisinə cəlb ediləcək.
Buna uyğun olaraq şəxsin əmək haqqı 8100 AZN olarsa, onda onun əmək haqqından yalnız 14 AZN gəlir vergisinə görə tutulacaq.
Ümumiyyətlə isə hər bir işçiyə tətbiq ediləcək olan yenilik isə ondan ibarətdir ki, artıq ölkə üzrə müəyyən edilən yaşayış minimumu deyil, sabit məbləğ əmək haqqından çıxılacaq.
Belə ki, yalnız əmək haqqı 2500 AZN-dək olan şəxslərin əmək haqqından 200 manat məbləğ çıxıldıqdan sonra qalan məbləğ gəlir vergisinə (neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyənlərə aid edilmir) cəlb ediləcək.
Bu həm də o deməkdir ki, yuxarıdakı kateqoriyaya aid edilməsə də, 200 AZN-dək əmək haqqı alan şəxslər də gəlir vergisi ödəməkdən azad olunmuş sayılacaq.
Əmək haqqına tətbiq edilən daha bir tutmanın məcburi dövlət sosial sığorta haqqı olduğunu nəzərə alaraq bu sahədə edilən yeni əlavə və dəyişikliklərin layihəsi üzrə izahı aşağıdakı kimi qeyd edirik.
2019-cu ildən etibarən əmək haqqı məbləği nəzərə alınmaqla sosial sığorta haqqı iki cür hesablanacaq.
1) 200 AZN-dək əmək haqqı alan şəxslərin əmək haqqından əvvəlki kimi 3% dərəcə ilə sosial sığorta haqqı tutulacaq. Əmək haqqının 22% məbləğində isə işəgötürən tərəfindən sosial sığorta haqqı ödəniləcək.
2) 200 AZN-dən yuxarı əmək haqqı alan şəxslərin əmək haqqından 200 AZN-dək hissəyə görə 6 manat (200 AZN-in 3%-i), 200 AZN-dən yuxarı məbləğin isə 10%-i sosial sığorta haqqına tutulacaq.
Əmək haqqının 200 AZN-dən yuxarı olan işçilərə görə isə işəgötürən tərəfindən isə 44 manat (200 AZN-in 22%%-i) və 200 AZN-dən yuxarı hissənin 15%-i məbləğində sosial sığorta haqqı ödəniləcək
Belə olduğu təqdirdə 180 AZN əmək haqqı alan şəxs 5 manat 40 qəpik sığorta ödəyəcək. (180 AZN-in 3%-i)
500 AZN əmək haqqı alan şəxs isə 6 AZN və 300 AZN-ə (500-200=300) görə 30 AZN (300 AZN-in 10%-i) olmaqla, ümumilikdə 36 AZN sosial sığorta haqqı ödəyəcək. Hazırda isə 500 AZN əmək haqqı olan şəxsdən 15 AZN məbləğində sosial sığorta haqqı tutulur.
Deyilənləri yekunlaşdıraraq 2019-cu il üçün əmək haqqının hesablanması ilə bağlı yeni qaydaları diqqətinizə çatdırırıq.
1) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər
1.1) əmək haqqı 200 AZN-dən az olanlar üçün nümunə
180 AZN əmək haqqı üzrə
a) gəlir vergisi - tutulmur
b) sosial sığorta haqqı - 180 AZN-in 3%-i = 5.4 AZN
c) işsizlikdən sığorta haqqı - 180 AZN-in 0.5%-i = 0.9 AZN
Yekun 180 AZN-(0+5.4+0.9)=180-6.3=173.7 AZN
1.2) əmək haqqı 200 AZN-dən çox olanlar üçün nümunə
500 AZN əmək haqqı üzrə
a) gəlir vergisi - tutulmur
b) sosial sığorta haqqı - 500 AZN-200 AZN=300 AZN
200 AZN-ə görə 6 AZN (200 AZN-in 3%-i)
300 AZN-ə görə 30 AZN (300 AZN-in 10%-i)
c) işsizlikdən sığorta haqqı - 500 AZN-in 0.5%-i = 2.5 AZN
Yekun 500 AZN-(0+6+30+2.5)=500-38.5=461.5 AZN
1.3) əmək haqqı 8000 AZN-dən çox olanlar üçün nümunə
8100 AZN əmək haqqı üzrə
a) gəlir vergisi - 8000 AZN-dən yuxarı məbləğin 14%-i
8100-8000=100 AZN
100 AZN-in 14%-i = 14 AZN
b) sosial sığorta haqqı - 8100 AZN-200 AZN=7900 AZN
200 AZN-ə görə 6 AZN (200 AZN-in 3%-i)
7900 AZN-ə görə 790 AZN (7900 AZN-in 10%-i)
c) işsizlikdən sığorta haqqı - 8100 AZN-in 0.5%-i = 40.5 AZN
Yekun 8100 AZN-(14+790+6+40.5)=8100-850.5=7249.5 AZN
2) Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər isə 2018-ci ildəki kimi, lakin cüzi fərqli olaraq gəlir vergisindən 200 AZN çıxılmaqla əmək haqqından tutulmaya cəlb olunacaq.
2.1) əmək haqqı 200 AZN-dən az olanlar üçün nümunə
180 AZN əmək haqqı üzrə
a) gəlir vergisi - tutulmur
b) sosial sığorta haqqı - 180 AZN-in 3%-i = 5.4 AZN
c) işsizlikdən sığorta haqqı - 180 AZN-in 0.5%-i = 0.9 AZN
Yekun 180 AZN-(0+5.4+0.9)=180-6.3=173.7 AZN
a) gəlir vergisi - tutulmur
b) sosial sığorta haqqı - 180 AZN-in 3%-i = 5.4 AZN
c) işsizlikdən sığorta haqqı - 180 AZN-in 0.5%-i = 0.9 AZN
Yekun 180 AZN-(0+5.4+0.9)=180-6.3=173.7 AZN
2.2) əmək haqqı 200 AZN-dən çox olanlar üçün nümunə
500 AZN əmək haqqı üzrə
a) gəlir vergisi - 500 AZN-200 AZN=300 AZN
300 AZN-in 14%-i = 42 AZN
b) sosial sığorta haqqı - 500 AZN-in 3%-i=15 AZN
c) işsizlikdən sığorta haqqı - 500 AZN-in 0.5%-i = 2.5 AZN
Yekun 500 AZN-(42+15+2.5)=500-59.5=440.5 AZN
2.3) əmək haqqı 2500 AZN-dən çox olanlar üçün nümunə
2600 AZN əmək haqqı üzrə
a) gəlir vergisi - 2600 AZN-2500 AZN=100 AZN
2500 AZN-ə görə həmin məbləğin 14%-i = 350 AZN
100 AZN-in 25%-i = 25 AZN
b) sosial sığorta haqqı - 2600 AZN-in 3%-i=78 AZN
c) işsizlikdən sığorta haqqı - 2600 AZN-in 0.5%-i = 13 AZN
Yekun 2600 AZN-(350+25+78+13)=2600-466=2134 AZN