"İcra haqqında" qanunda aşkar edilmiş kolliziya barədə
Məlum olduğu kimi “İcra haqqında” Azərbaycan Respublikası qanununun 17.1.8-ci maddəsinə görə iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır.
Halbuki bu normanın tətbiqi zamanı kolliziya ilə qarşılaşmaq mümkündür.
Ona görə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 419.4-cü maddəsinə görə Ali Məhkəmənin qərarı qəbul edildiyi andan qüvvəyə minir.
Məcəllənin 419.3-cü maddəsinə görə isə qərar işdə iştirak edən şəxslərə qəbul edildiyi gündən 1 ay müddətində sifarişli məktubla göndərilməli və yaxud qəbz alınmaqla təqdim edilməlidir.
“İcra haqqında” qanunun 13.1.1-ci maddəsinə görə isə məhkəmələrin qərarları əsasında verilən icra vərəqələri və məhkəmə əmrləri - bir ay ərzində icraya yönəlməlidir. Qanunun 13.2.1-ci maddəsinə görə 13.1-ci maddədə müəyyən olunmuş müddətlər icra sənədlərinin (məhkəmə əmrləri istisna olmaqla) icraya yönəldilməsi zamanı - məhkəmə qərarının qanuni qüvvəyə mindiyi yaxud onun icrasının təxirə salınması və ya icrasına möhlət verilməsi ilə bağlı müəyyən edilmiş müddətin başa çatdığı vaxtdan hesablanır.
Göründüyü kimi Ali Məhkəmənin qərarı qəbul edildiyi vaxtdan qüvvəyə mindiyi üçün 1 ay ərzində icraya yönəldilmiş olur.
Vətəndaşa (məhkəmədə tərəf) isə bu qərar qəbul edildikdən sonra 1 ay müddətində sifarişli məktubla göndərilir ki, bu məktubun praktikada 1 aydan bir xeyli müddət sonra çatması hallarına da rast gəlinir.
“İcra haqqında” qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. 8.3-cü maddəyə görə isə icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Həmin qərarda könüllü icra ilə əlaqədar müddət qeyd edilir. Əks təqdirdə həmin 10 günədək müddət təyin edilmiş olduğu və icra sənədini könüllü icra olunmadığı halda məcburi icra tədbirləri tətbiq edilir.
Bu hal isə vətəndaşın konstitusion hüquqlarının pozulmasını mübahisələndirmək üçün Konstitusiya Məhkəməsinə müraciət etməyə icazə vermir.
Ona görə ki, qüvvəyə minmiş Ali Məhkəmənin qərarı vətəndaşa təqribən 2 ay ərzində çatsa da, icra sənədi əsasında artıq 1 ay 4 gün ərzində icraat başlanmış olur və vətəndaşa könüllü icra barədə bildiriş çatmış sayılır.
Vətəndaş isə Konstitusiya Məhkəməsinə şikayətlə müraciət etmək hüququndan istifadə edə bilmir.
Buna səbəb odur ki, “İcra haqqında” qanunun 17.1.8-ci maddəsi yalnız məhkəmə aktından verilən şikayətin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılmasını göstərmişdir.
Vətəndaşın məhkəmə aktından şikayətlə Konstitusiya Məhkəməsinə müraciət etməsi üçün əvvəla sırf məhkəmə aktı ilə tanış olmasına zərurət vardır.
Bu isə yalnız məhkəmə aktının qəbul olduğu vaxtdan 1 ay sonra, təqribən könüllü icra bildirişi ilə eyni vaxtda mümkün olacaqdır.
Vətəndaş məhkəmə aktı ilə tanış olduqdan dərhal sonra könüllü icra müddətində Konstitusiya Məhkəməsinə şikayətlə müraciət etmiş olsa da, həmin şikayət Konstitusiya Məhkəməsində konstitusiya işləri üzrə kontitusiya məhkəmə icraatına qəbul edilməsi üçün “Kontitusiya Məhkəməsi haqqında” qanunun 52.1-ci maddəsinə görə məhkəməyə daxil olduğu vaxtdan 30 gün müddət ərzində Konstitusiya Məhkəməsi palatasının iclasına çıxarılır və iclasda qərardad qəbul edilir. Həmin qanunun 52.2-ci maddəsinə görə isə sorğu və ya şikayətin icraata qəbul edilməsi, yaxud icraata qəbul edilməsindən imtina edilməsi haqqında qərardad qəbul olunduğu gündən ən geci 7 gün keçənədək sorğuverənə (ərizəçiyə) göndərilir.
Göründüyü kimi vətəndaşın “İcra haqqında” qanunun 17.1.8-ci maddəsinə əsasən icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması barədə müraciət etməsi üçün müəyyən edilmiş müddət düzgün tənzimlənmədiyindən şəxsin məhrumiyyətlərə məruz qalması ilə nəticələnir.
Vətəndaş könüllü icra müddətində Konstitusiya Məhkəməsinə müvafiq məhkəmə aktından şikayətlə müraciət etsə də, həmin şikayətin icraata qəbul edilməsi üçün təqribi olaraq 1 ay 1 həftə müddət lazımdır.
Bu halda isə vətəndaş icra sənədini könüllü icra etməmiş sayılacaq, onun barəsində “İcra haqqında” qanunun 43-cü maddəsində göstərilən məcburi icra tədbirləri tətbiq ediləcək, həmçinin qanunun 78.1-ci maddəsində göstərilmiş 7% məbləğində icra ödənişi də vətəndaşdan tutulacaqdır.
Göründüyü kimi bu halların hər biri vətəndaşın konstitusion hüquqlarının pozulması ilə nəticələnməkdədir. Göstərilənləri nəzərə alaraq qanunvericilikdə aşağıdakı məzmunda dəyişikliklərin edilməsinin zəruri olduğunu bildirmək istərdim.
“İcra haqqında” qanun
Yeni redaksiyada
Maddə 17.1.8. iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə təqdim edildikdə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır.
Əvvəlki redaksiyada
Maddə 17.1.8. iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır.
Milli Məclis tərəfindən müraciətimə cavab olaraq bu təklifin mütləq nəzərə alınacağı bildirilmişdir.
#hüquqşünas, #kolliziya, #law, #legislation