Nikah müqaviləsi bağlanmalıdır mı? (bağlanırsa, hansı şərtlər olmalıdır və nə vaxt bağlana bilər)
Mövzuya keçməzdən əvvəl xatırladaq ki, nikah müqaviləsi və nikah şəhadətnaməsini heç də eyniləşdirmək düzgün deyildir. Belə ki, nikaha daxil olma həyata keçirildiyi təqdirdə nikah şəhadətnaməsi təqdim edilir. Nikah müqaviləsi isə ər-arvad arasında yaranan və nikahla bağlı bütün münasibətləri tənzimləyən sazişdir.
Qanunvericiliyə əsasən nikah müqaviləsi dedikdə nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən saziş başa düşülür.
Ailə Məcəlləsinə görə ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər. Həmin müqavilədə həmçinin ər-arvadın əmlakının qanuni rejimi də qeyd edilə bilər. Daha dəqiq desək həmin müqavilədə nikah dövründə əldə olunacaq əmlakın hansı qaydada mülkiyyətə keçəcəyi, kimin istifadəsində olacağı və s şərtlər öz əksini tapacaqdır.
Onu da xatırladaq ki, nikah müqaviləsi nikah şəhadətnaməsindən fərqli olaraq nikahın dövlət qeydiyyatından əvvəl və ya sonra bağlana bilər.
Müqavilə hansı qaydada bağlanmalıdır?
Qanunvericiliyə görə nikah müqaviləsi yazılı qaydada bağlandığı və notarial təsdiqləndiyi təqdirdə qüvvəyə minir. Həmin müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə, həmçinin nikaha xitam verildiyi təqdirdə müqaviləyə də xitam verilmiş hesab edilir.
Nikah müqaviləsində hansı şərtlər olmalıdır?
Nikah müqaviləsində məqsədəuyğundur ki, nikah dövründə və nikaha qədər əldə olunmuş əmlakın statusu, nikaha xitam verildiyi təqdirdə əmlakın bölüşdürülməsi qaydası, uşaqların statusu, nikaha xitam verildikdən sonra uşaqların harada qalması, təminatı, alimentin məbləği, saxlanma xərcləri və digər şərtlər qeyd edilə bilər. Ümumiyyətlə nəzərə almaq lazımdır ki, son 10 ilin rəsmi statistikasına diqqət yetirdikdə nikahların sayının azalmasını, boşanmaların sayının isə artmasını görə bilərik.
Belə ki, 2007-ci ildə 81758 nikah qeydə alınmış olsa da, 2016-cı il üçün bu rəqəm 66771 nikah olaraq qeydə alınmışdır.
Bununla yanaşı 2007-ci ildə 8340 boşanma halı müəyyən edilsə də, 2016-cı il üçün bu rəqəm 13114 boşanma halı olaraq qeydə alınıb.
Boşanmaların artması məhkəmə mübahisələrinin yaranmasına, aliment və əmlak bölgüsü kimi mübahisələrin çoxalmasına, uşaqların müəyyən məhrumiyyətlərlə qarşılaşmasına və bir sıra çətinliklərə səbəb olur ki, nikah müqaviləsi də bu çətinliklərin aradan qaldırılması üçün mühüm əhəmiyyət kəsb edir.
#hüquqşünas, #nikah, #ailə_hüququ, #aliment