İş vaxtından artıq iş nədir, necə ödənilməlidir?


Əksər müəssisələrdə gündəlik normada müəyyən edilmiş iş vaxtından artıq işə cəlb edilmə bəzən istehsalat zərurəti ilə əlaqədar meydana çıxa bilir. Bu kimi hallarda isə işçilər öz hüquqlarından bixəbər olduqlarından onlara əlavələrin ödənilməsini tələb edə bilmir.
Bəs nədir bu iş vaxtından artıq iş?
Qanunvericiliyə görə iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.Misal: A adlı işçinin gündəlik 8 saatdan artıq müddət ərzində işə cəlb edilməsi iş vaxtından artıq iş sayılır.Anlayış barədə məlumat əldə etdikdən sonra isə hansı hallarda iş vaxtından artıq işə cəlb edilmənin mümkün olduğunu öyrənmək yerinə düşərdi.Bu barədə danışmazdan əvvəl xatırlatmaq lazımdır ki, əmək şəraiti ağır və zərərli olan sahələrdə (bu sahələr Nazirlər Kabinetinin qərarı ilə konkret olaraq müəyyən edilmişdir) bütün iş günü (növbəsi) ərzində iş vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz.  
Həmçinin qanunvericiliyə əsasən hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz.İş vaxtından artıq işə cəlb etmə zamanı işəgötürən bu vaxtın dəqiq və dürüst uçotunu aparmağa borcludur. Qanunvericiliyə əsasən bu uçotun aparılma forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir.
Zənnimizcə bu hissədə qanunvericilikdə müəyyən boşluq vardır ki, bu boşluğun aradan qaldırılması və işçinin vəziyyətini yaxşılaşdıran tədbirlərin tətbiqi üçün iş vaxtından artıq vaxtda işə cəlb edilən işçinin mütləq yazılı razılığı alınmalı, həmçinin əvvəlcədən işçi artıq iş vaxtı ilə əlaqədar uçotun aparılma qaydaları ilə tanış edilməlidir.
Aşağıda göstərilən hallarda, həmçinin təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, habelə tezkorlanan malların itkisinin qarşısını almaq məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydalara əməl olunmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir. 
a) dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə;
b) su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün;
c) başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zəruriyyəti olduqda;
ç) işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti olduqda;
d) əvəz edən işçinin işdə olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda.
Qanunvericiliyin müvafiq tələbləri barədə məlumat əldə olunduqdan sonra iş vaxtından artıq işə cəlb edilmə halında işçiyə ödənilən əmək haqqının məbləğinə olan əlavələri də izah etmək zəruridir.
Qanunverici bununla bağlı iki halı fərqləndirməyi zəruri hesab edir.
1) Əməyin vaxtamuzd ödənilməsi
2) Əməyin işəmuzd ödənilməsi
Birinci halda işçi konkret vaxt ərzində (misal üçün gündə 8, həftədə 40 saatdan çox olmayaraq) işəgötürənin verdiyi tapşırıqları icra etmək öhdəliyi daşıyırsa, ikinci halda işçi hər hansı işin icrasına görə (misal üçün bir təqvim həftəsi ərzində 5 ədəd avtomobil təmir etmək) öhdəlik daşıyır.
İş vaxtından artıq işə görə əməkhaqqına əlavənin miqdarı əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla, əməyin işəmuzd ödənilmə sistemində isə işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində hesablanır.
Qanunvericiliyin mövqeyinə görə vaxtamuzd çalışan şəxslər hər əlavə saat ərzində 1 saatlıq əmək haqqının 2 qatını, işəmuzd çalışan şəxslər isə işəmuzd məbləğdən əlavə vaxtamuzd çalışan işçinin saatlıq tarif maaşının məbləğində əlavə əməkhaqqı almaq hüququna malikdir. 
Onu da xatırladaq ki, iş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir. 
Yekunda qeyd edək ki, hamilə qadınların, 18 yaşına çatmayan işçilərin və 3 yaşına çatmamış uşağı olan qadınların iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilmədiyi halda,  yaşından 14 yaşınadək uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınların iş vaxtından artıq işlərə cəlb edilməsinə yalnız onların razılığı ilə yol verilir.