İxtisar olunan işçinin 01.01.2018-dən yeni təminatları
XÜLASƏ
“Azərbaycan Respublikası Əmək Məcəlləsinə dəyişikliklərin edilməsi haqqında”
31.05.2017-ci il tarixli qanunun 01 yanvar 2018-ci il tarixdən etibarən qüvvəyə
minməsi ilə əlaqədar işçilərin sayının azalması və ya ştatların ixtisarı əsası ilə
işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi zamanı bir sıra yeni prosedur
qaydalar nəzərdə tutulmuşdur. Bu barədə məqalənin əsas hissəsində əvvəlki və yeni
proseduru izah etməyə çalışacağıq.
Açar sözlər
İxtisar zamanı təminatlar, müqavilənin işəgötürən tərəfindən ləğvi, orta aylıq
əmək haqqı, ştat ixtisarı
ƏSAS HİSSƏ
Məlum olduğu kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci
maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə işəgötürən tərəfindən işçilərin
sayının azaldılması və ya ştat ixtisarı ilə əlaqədar xitam verilməsi mümkündür. Yeni
dəyişikliklərədək göstərilən əsaslarla əmək müqaviləsinə xitam verilərkən işəgötürən
tərəfindən işçiyə azı 2 ay əvvəlcədən rəsmi xəbərdarlıq edilməli, iki ayın tamamında
isə orta əmək haqqı məbləği həddində işdənçıxarma müavinəti və Məşğulluq
İdarəsindən alınmış müvafiq arayışlara əsasən işçinin işdən çıxarıldığı gündən yeni
işə düzələcəyi günədək 2-ci və 3-cü aylar üzrə orta əmək haqqı ödənilməli idi.
Bununla yanaşı əvvəlki normalara görə işəgötürən tərəfindən işçinin razılığı ilə 2
aylıq xəbərdarlıq müddəti əvəzinə işçiyə 2 aylıq əmək haqqını birdəfəlik ödəməklə
əmək müqaviləsinə xitam verilə bilərdi.
01 yanvar 2018-ci il tarixdən isə artıq tamamilə yeni prosedur qaydalar tətbiq
olunmağa başlandı. Bu qaydalara görə işçiyə müqavilənin xitamından əvvəl verilən
xəbərdarlıqla müddətində, orta aylıq əmək haqqı məbləğində ödənilən işdənçıxarma
müavinətində və xəbərdarlıq müddəti əvəzinə işçinin razılığı ilə ödənilən birdəfəlik
əmək haqqı məbləğində işçinin stajı nəzərə alındı. Onu da qeyd etmək zəruridir ki,
bu staj sırf işçinin hazırda işlədiyi müəssisədə olan stajı deyil, ümumi stajını nəzərdə
tutur.
Yeni dəyişikliklərə əsasən artıq işəgötürən işçilərin sayının azaldılması və ya ştat
ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verməzdən əvvəl işçini rəsmi xəbərdar
edərkən aşağıdakı qaydada onun stajını nəzərə almaqla müddətlərə diqqət etməlidir:
İşçinin
- bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;
- bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;
- beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;
- on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi əvvəlcədən rəsmi
xəbərdar etmə həyata keçirilməldir.
Həmçinin dəyişikliklərə görə işəgötürən müqaviləyə müvafiq əsaslarla xitam
verdikdə yenə də işçinin stajını nəzərə alaraq aşağıdakı qaydada işdənçıxarma
müavinəti ödəməyə borcludur:
İşçinin
- bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;
- bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli
miqdarında;
- beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli
miqdarında;
- on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli
miqdarında işdənçıxarma müavinəti ödənilməlidir.
Bu hissədə xatırlatmaq yerinə düşərdi ki, bu qaydalarda göstərilən orta aylıq əmək
haqqının hesablanması zamanı işçinin ödənişdən əvvəlki iki təqvim ayı ərzində
qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir
günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin
sayına vurulmaqla müəyyən edilir.
Misal: işçi 300 AZN əmək haqqı (Gross və ya hesablanmış əmək haqqı) alır,
yanvar ayının 31-i müqaviləsinə xitam verilir və onun yanvar ayından əvvəlki iki
aylıq (noyabr və dekabr) əmək haqqı cəmi 600 AZN-dir. Bu halda 600-ü iki ayda olan
cəmi 42 iş gününə bölərək bir günlük əmək haqqının 14.3 AZN olduğunu tapırıq.
Sonra isə bu məbləği yanvar ayında işçinin işlədiyi iş günlərinin sayı qismində 20-yə
vuraraq orta aylıq əmək haqqının 286 AZN olduğunu müəyyən edirik.
Bununla yanaşı yeni qaydalara görə işçi tərəfindən işəgötürənin tətbiq etdiyi
xəbərdarlıq müddətini gözləmədən razılığa əsasən əmək müqaviləsinə vaxtından
əvvəl xitam verilməsi zamanı da işçinin stajı nəzərə alınır. Bu halda isə işçiyə
ödəniləcək birdəfəlik əmək haqqı məbləği aşağıda göstərilən məbləğlərdən az
olmamalıdır.
İşçinin
- bir ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının 0.5 misli
- bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının 0.9 misli
- beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının 1.4 misli
- on ildən çox əmək stajı olduqda - orta aylıq əmək haqqının 2 misli məbləğində
birdəfəlik əmək haqqı ödənilməlidir.
Göstərilənlərlə yanaşı xatırlatmaq mümkündür ki, işçilərin sayının azaldılması və
ya ştatların ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən ödənilən
birdəfəlik məbləğlər 14% dərəcə ilə tətbiq edilən gəlir vergisindən və 3% dərəcə ilə
tətbiq olunan məcburi dövlət sosial sığorta haqqından tamamilə azaddır.
Yekunda isə bildiririk ki, yeni qaydalara əsasən artıq işəgötürən tərəfindən işdən
çıxarıldığı gündən yeni işə düzələnədək olan 2-ci və 3-cü aylar üzrə işçiyə Məşğulluq
İdarəsi tərəfindən verilmiş arayışa əsasən ödənilən müavinətlər ləğv olunmuşdur.
- Get link
- X
- Other Apps