Problemli kreditlərlə bağlı yeniliklər...


28.02.2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidenti tərəfindən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə verilmiş yeni fərman fiziki şəxslərin xarici valyutada olan kreditləri ilə bağlı üzləşdikləri maliyyə itkisini də aradan qaldırmış olacaq.
Verilmiş bu fərman həmçinin əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin prioritetlərindən olmasına daha bir bariz sübutdur.
Fərmandan irəli gələrək aşağıdakıları qeyd edə bilərik:
1. Fiziki şəxslərin 10 min USD məbləğədək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi 28.02.2019-cu ildə Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq qiymətləndirilərək (1 USD-1.7 AZN) dövlət büdcəsinin hesabına ödəniləcək.
1.1. 21.02.2015-ci ilədək olan əsas kredit borcu olanlarla bağlı 1 USD məbləğə 0.25 AZN (yəni 0.15 USD) hissə dövlət büdcəsinin hesabına ödəniləcək.
Misal: Şəxsin 1-ci devalasiyayadək 100 USD məbləğində əsas krediti üzrə borcu olub. Bu köhnə məzənnə ilə 78 manat edirdisə, 1-ci devalvasiya nəticəsində 105 manata çatdı və nəticədə kredit borcu 27 manat artdı. Bu fərmanla həmin 27 manat artmış hissə 100 USD üzrə yarandığı üçün 28.02.2019-cu il tarixdən artıq hər 1 USD-yə görə 0.25 manat dövlət büdcəsi hesabına ödənilmiş olacaq. Daha dəqiq desək 100*0.25 AZN=25 AZN. Nəticədə şəxsin əsas kredit borcunun 27 manat artmış hissəsindən 25 manatı dövlət büdcəsi hesabına ödəniləcək.
1.2. 22.02.2015-ci ildən 21.12.2015-ci ilədək bağlanmış müqavilələrə şamil edilən şərtə görə isə əsas kredit borcu olanlarla bağlı 1 USD məbləğə 0.6 AZN (yəni 0.35 USD) hissə dövlət büdcəsi hesabına ödəniləcək.
Misal: Şəxs 1-ci devalvasiyadan sonra, lakin 2-ci devalasiyayadək kredit müqaviləsi bağlayır və onun bu müqavilə üzrə 100 USD məbləğində əsas krediti üzrə borcu olub. Bu köhnə məzənnə ilə 105 manat edirdisə, 2-ci devalvasiya nəticəsində 155 manata çatdı və nəticədə kredit borcu 50 manat artdı. Bu fərmanla həmin 50 manat artmış hissə 100 USD üzrə yarandığı üçün 28.02.2019-cu il tarixdən artıq hər 1 USD-yə görə 0.6 manat dövlət büdcəsi hesabına ödənilmiş olacaq. Daha dəqiq desək 100*0.6 AZN=60 AZN. Nəticədə şəxsin əsas kredit borcunun 50 manat artmış hissəsindən 60 manatı dövlət büdcəsi hesabına ödəniləcək.
1.3. 21.02.15-ci il və 21.12.15-ci il tarixlərinədək xarici valyutada kredit borcu olanlarla bağlı isə 21.02.15-ci ilədək olan əsas kredit borcunun artmış hissəsinə görə 0.25 AZN, 21.12.15-ci ilədək olan əsas kredit borcunun artmış hissəsinə görə isə 0.60 AZN dövlət büdcəsi hesabına ödəniləcək.
2. Yeni fərmana əsasən səlahiyyətli qurumlar tərəfindən həm əsas kreditin manatla artmış hissəsinin hesablanma mexanizmi, həm də həmin kreditlərin əsas məbləğilə bağlı hesablanmış faiz və dəbbə puluna ediləcək güzəştlərin mexanizmi müəyyən ediləcək.
3. Fərmana əsasən həmin kreditlərlə əlaqədar fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 min USD-nin manat ekvivalentindən çox olmayacaq.
4. Banklar 1 ay müddətində xarici valyutada 10 min USD, milli valyutada isə 17 min AZN vaxtı keçmiş borcu olanlarla bağlı
4.1. yeni güzəştli kredit müqaviləsi bağlanmanı təklif etməli (yəni illik faiz dərəcəsi 1% olan müqavilə)
4.2. məhkəmədə olan işləri geri çağırmalı (yəni baxılan işlərdən imtina etməli və icra sənədləri üzrə icraata xitam üçün tədbir görməli)
4.3. bu kreditlərə hesablanmış faizləri silməli (yəni faiz və dəbbə pulunu) və bununla bağlı digər borc yükünü yüngülləşdirən tədbirlər görməli olacaq.
Fərman bank və bank olmayan kredit təşkilatlarında borcu olanlarla bağlı tətbiq ediləcək.
Banklar bu fərmana əsasən 2012-ci il 01 yanvardan 28.02.2019-cu ilədək xarici valyutada 10 min USD, milli valyutada 17 min AZN kredit borclarının qalıq məbləği olanlar və 01.01.2012-28.02.2019-cu il tarixləri dövründə bağlanmış kredit müqavilələri üzrə əsas məbləği ilə faiz borcunu 360 gündən artıq gecikdirənlərlə bağlı güzəştlər tətbiq etməli olacaq.