Hadisə zamanı iki tərəf də təqsirli olarsa...


Baş verən yol-nəqliyyat hadisələrindən hadisə zamanı iki tərəfin və ya zəncirvari qəzalar vaxtı bir neçə sürücünün hadisənin baş verməsində təqsirli olduğu hadisələrlə də rastlaşmaq mümkündür. Bu isə mütləq dəqiq surətdə tənzimlənməli hallardır. Sığorta şirkətləri tərəfindən hadisənin baş verməsində iki tərəfin də təqsiri müəyyən edildiyi hallarda sığorta ödənişinin verilməsi aşağıdakı qaydada həyata keçirilir:
a) Hadisə 2 sığortalı sürücünün iştirakı ilə baş verdikdə - Sığorta şirkətində icbari qaydada sığorta olunan şəxs (A) B sürücü ilə toqquşur. Hadisədə hər ikisinin təqsiri rəsmiləşdirilir. B sürücü A-nın sığorta şirkətindən hadisədə təqsirinin dərəcəsinə mütənasib qaydada sığorta ödənişini alır. Belə ki, B-nin avtomobilinə 1000 manat məbləğində zərər dəyib və hadisədə yarı təqsirli sayılıbsa, ona 1000 manatın yarısı məbləğində ödəniş ediləcək. A-nın avtomobilinə görə isə B əgər sığortalıdırsa, A sürücü B-nin sığorta şirkətindən yenə öz təqsirinə görə ödəniş ala bilər. Bu halda da A-nın zərəri 1000 manat və yarı təqsiri olduğu üçün A-ya 500 manat ödəniləcək.
b) Hadisə 1 sığortalı sürücünün iştirakı ilə baş verdikdə - bu halda hər iki tərəfin təqsiri müəyyən edilir. Təqsirin dərəcəsi məlum olur. Daha sonra isə sığortası olmayan sürücü sığortalı sürücünün sığorta şirkətindən dəymiş zərərini təqsirin dərəcəsinə uyğun olaraq almalıdır.
c) Hadisədə bir neçə sığortalı sürücü iştirak etdikdə - Hər bir sürücü onun avtomobilinə dəyən zərərə görə təqsirli olan sürücülərin sığorta şirkətindən onun həmin avtomobilə dəymiş zərərdə təqsiri nəzərə alınmaqla ödənişini ala bilər.
Bununla yanaşı xatırladaq ki, sığorta şirkətinin öhdəliyi bir hadisəyə görə 5000 manat olaraq müəyyən edilmişdir.
Eyni zamanda nəzərə almaq lazımdır ki, hadisə zamanı digər sürücünün sığortalı olub-olmamasından asılı olmayaraq hər bir sürücü digər tərəfə vurduğu zərərə görə tam həcmdə mülki məsuliyyət daşıyır.
Bu səbəbdən də sürücünün sığortalı olmaması onu vurduğu zərəri ödəmək vəzifəsindən azad etmir.